Gundemxeber.az » Ölkə » Cəmiyyət » Balakəndə DYP əməkdaşı ilə sürücü arasında yaşanan insidentə DİN-nin Şəki regional qrupundan mövqe bildirildi - TƏFƏRRÜAT
Balakəndə DYP əməkdaşı ilə sürücü arasında yaşanan insidentə DİN-nin Şəki regional qrupundan mövqe bildirildi - TƏFƏRRÜAT
Məlumat üçün bildirək ki, 19 fevral 2024-cü il tarixdə GundemXeber.az xəbər portalında "Balakəndə DYP-nin əməkdaşı İsmayıl Mehdiyev sürücünü 500 manata görə "çəkçevir"ə salıb" başlıqlı məqalə yayımladıq.
Qeyd edək ki, belə bir başlıq altında yazı yayımlandıqdan sonra DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan redaksiyamıza məsələlərlə bağlı mövqe bildirdi. Odur ki, həmin mövqeni olduğu kimi yayımlamğı özümüz üçün borc bilirik. Göndərilən mövqedə bildirilir ki, "Yanvarın 29-da “Volkswagen” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Cavid Süleymanov dönmə işıqlarından düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşı tərəfindən ona “saxla” işarəsi verilib. Sənədləri yoxlanılan zamanı sürücünün hərəkətləri sərxoş olmasına dair şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Həkim-narkoloqun da rəyinə əsasən həmin şəxsin sərxoş olduğu sübuta yetirilib.
Bundan sonra C.Süleymanov məsuliyyətdən yayınmaq üçün Şəki şəhərinə gələrək xəstəxanada özü təkrar müayinədən keçib və onun sərxoş olmamasına dair rəy verilib. Buna səbəb isə sürücünün təkrar müayinəyə bir neçə saat sonra, yəni qəbul etdiyi alkoqolun miqdarı bədənində azaldıqdan sonra getməsi olub.
C.Süleymanov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Əlavə olaraq bildirək ki, ötən ilin iyul ayındada sürücü C.Süleymanov sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb".
REDAKSİYADAN:
Faktdır ki, belə bir başlıq adı altında yayımladığımız yazı çox keçmədi ki, geniş ictimai müzakirələrə səbəb oldu. Hətta, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məsələlərə münasibət də bildirildi. Amma, onu da unutmaq olmaz ki, adı çəkilən sürücü Cavid Süleymanov içkili olmaması ilə bağlı həmin gün saat təqribən 14:30 radələrində Balakəndən Şəki şəhərinə gedir və o, 16:20 radələrində Şəki MRX-dan rəsmi sənəd də əldə edir. Az sonra o, idarə etdiyi avtomobilini duracaqdan əldə etdiyi həmin sənəd əsasında götürür. Bir sözlə, Şəki MRX-da dövlət səhiyyə müəssisəsidir. O halda sual oluna bilər ki, əgər sürücü Cavid Süleymanovun əldə etdiyi həmin sənəd əsaslı sənəd deyildisə, nəyə görə Balakən Yol Polisi bölməsinin əməkdaşları duracaqdakı avtomobili sürücünün özünə verirlər? Bu da o deməkdir ki, Cavid Süleymanov həmin gün içkili olmayıb və bu şəxsin içkili olmadığı Şəki MRX-dan verilən rəsmi sənəd də təsdiq edir.
Qeyd edək ki, Cavid Süleymanov həmin gün Şəki MRX-dan "ayıq" olması ilə bağlı əldə etdiyi sənədi Balakən Yol Polisi bölməsinə təqdim edir. Buna baxmayaraq, Cavid Süleymanovla bağlı Balakən Yol Polisi bölməsindən məhkəməyə göndərilən iş materiallarının içinə təqdim olunan həmin sənəd qoyulmur. Elə ki, 13 fevral 2024-cü il tarixdə məhkəmə prosesi keçirilir və Cavid Süleymanov Yol Polisi əməkdaşlarının belə bir əməli haqda xəbərdar olur, o halda o, Şəki MRX-dan "ayıq" olması ilə bağlı əldə etdiyi həmin sənədi məhkəməyə təqdim edir. Belə bir səbəbdən də hakim həmin sənədlə tanış olur və məhkəməni təxirə salır. Eyni zamanda, lazımi araşdırmaların aparılması üçün məhkəmə prosesinin 21 fevralda saat 15:35-də keçiriləcəyini elan edir. Ümid edirik ki, məhkəmənin hakimi məsələləri obyektiv araşdıracaq və ədalətli qərar da çıxaracaq.
Bütün bunların qarşılığında gundemxeber.az xəbər portalı olaraq belə qənaətə gəlirik ki, Balakən RPŞ-nin rəisi cənab Çingiz Aslanov baş verən olayla bağlı ədalətli mövqe ortaya qoyacaq və qol qoyulan əməllərin şəffaf araşdırılması yöndə lazımi tapşırığını da verəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?