GundemXeber.Az bildirir ki, Masallı rayon Ərkivan qəsəbə sakini Seyidsuğra Əsgərova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Təqsirləndirilən şəxsin valideyini müraciətində övladının qanunsuz həbs edildiyini bildirir.
Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlığın inkişafına dəstək verib. O, əlavə edib ki, bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir.
Bəli, bu gün hətta sahibkarların pullarını əllərindən almaq üçün onları şərləyib həbs edirlər.
Belə sahibkarlardan biri də mənim hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, AR CM-in 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiə övladım Ceyhun Əskərovdur. O, illərdir çöldə-bayırda əzab-əziyyətlə işləyib özünə şərait yaradıb. Xaçmazda qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Övladım biznes sahəsində bacarıqlı olduğundan Xaçmaz rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev vasitəsilə övladımla şərik olmaq barədə təklif verib. Övladım götür-qoy etdikdən sonra başqa çıxış yolu olmadığı üçün rəislə şərik olmağa razılıq verib. Xeyli müddət işlər yaxşı olub. Onlar birlikdə külli miqdarda pul qazanıblar. Sonra rəis mənim övladımın biznesini və pulunu əlindən almaq üçün min bir oyun qurub. Sonda Həmid Həsənov başqa-başqa şəxslərin vasitəsi ilə övladımı şərləyərək, onu həbs etdirib. Biz bu barədə bütün aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət etmişik. Ancaq işin başında rəis Həmid Həsənov şəxsən dayandığı üçün obyektiv araşdırılma aparılmır.
Hələ üstəlik ictimaiyyətə yalan məlumat verərək, iz azdırmağa çalışıblar. Güya övladım bir neçə nəfərin küllü miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. Halbuki bir neçə şəxsdən hansısa şərtlər altında övladımın əleyhinə ifadə alıblar. İstintaqda həmin şəxslərin ifadələrindən başqa heç bir mötəbər sübutlar yoxdur. Bizim əlimizdə isə övladımın təqsirsiz olduğu barədə kifayət qədər sübutlar var. Təəssüf ki, ibtidai istintaq qərəzli və qeyri-obyektiv aparıldığından bizim iş üzrə əhəmiyyət kəsb edən sübutlarımıza düzgün hüquqi qiymət verilmir. Pula görə bir insanın həyatını bu və digər şəkildə məhv etmək olarmı? Düşündükcə dəhşətə gəlirəm. Heçmi qorxunun yoxdur?! Səmimi bir söz deyəcəm. Bir rayonun polis rəisinin belə hərəkəti utancvericidir. Həmid Həsənov kimilər polis adına ləkə gətirir. Görəsən haqsızlıqlara nə vaxtsa son qoyulacaq? Yoxsa ömrümüzün sonuna qədər belə davam edəcək? Vallah, biabırçılıqdır. Mən işin detalları barədə hələlik çox danışmaq istəmirəm. İnanıram ki, haqq-ədalət gec də olsa yerini tapacaq.
Mən bütün bunlar barədə Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulunda olarkən ona da ətraflı məlumat vermişəm.
Mən, Prezident İlham Əliyevə və onun xanımı, Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edirəm. Mən bir valideyn kimi çox acizəm. Kimə müraciət edəcəyimi bilmirəm. Övladım gözümün qabağında məhv edilir. Bu ədalətsizliyə son qoyulmasını istəyirəm. Əgər mən övladımın günahkar olduğunu bilsəm, inanın ki, onun üçün bir addım belə atmaram. Ancaq tam əminliklə deyirəm ki, mənim övladımın heç bir günahı yoxdur. Xaçmaz rayon Polis Şöbəsinin rəisi Həmid Həsənovun qanunsuz hərəkətlərinə son qoyulmasa belə həbslərin sayı arta bilər.
Sorğu
Yeni dizaynımız necədir?