Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi qaydada start veriləndən sonra deputatlığa iddialı şəxslər ard-arda öz namizədliklərini açıqlamağa başlayıblar. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə bağlı müəmma davam etdiyi üçün siyasi arenada daha çox müstəqil və müxalifət yönümlü şəxslər nəzərə çarpırlar. Seçki marafonuna kifayət qədər sürpriz namizədlərin qoşulacağı da istisna edilmir.
Son günlər mətbuatda iki yüksəkrütbəli sabiq məmurun da deputatlığa namizəd olacağına dair iddialar ortaya atılıb. Bu sırada ən çox Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmovun və Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin sabiq rəisi, eks-deputat Cavid Qurbanovun adı hallanır. Hər iki şəxsin sentrabrın 1-də deputat mandatına sahib ola biləcəyi istisna edilmir. Onların namizədliklərinin hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürüləcəyi bildirilir. Elman Rüstəmov və Cavid Qurbanov deputat ola bilərmi? YAP-ın onların namizədliyini irəli sürməsi nə dərəcə realdır? “Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, YAP-ın deputatlığa namizədlərinin siyahısında nə Elman Rüstəmovun, nə də Cavid Qurbanovun adı var. Hakim partiya özünün sadiq və siyasi cəhətdən fəal üzvləri ilə seçki mübarizəsinə qoşulacaq. Cavid Qurbanov və Elman Rüstəmovun adlarının deputatlığa namizəd kimi hallanmasında iqtidar partiyasının hər hansı rolunun olmadığı bildirilir. İddialara görə, bu xəbərlər həmin şəxslərin yaxın ətrafı tərəfindən dövriyyəyə buraxılıb. “Hazırda Cavid Qurbanov Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir. Tutduğu post onun deputatlığa namizəd olmasını qadağan edir. Cavid Qurbanovun YAP tərəfindən deputatlığa namizəd göstərilməsinin yolu onun vəzifədən uzaqlaşdırılmasından keçir. Qurbanovun adının YAP-ın siyahısınd olması üçün ilk növbədə onunla bağlı sərəncam olmalıdır”, - deyə məlumatlı şəxs bildirib. Mənbə qeyd edib ki, Cavid Qurbanov yaxın ətrafı vasitəsilə bu cür informasiyaları mətbuata ötürməklə özünü YAP-ın “yadına salmaq” istəyir. Səxavətli olması ilə tanınan nazir müavini ümid edir ki, partiya rəhbərliyi bu xəbərlərə biganə qalmayacaq. Məlumatlı şəxsin sözlərinə görə, Cavid Qurbanov hazırda nazir müavini olsa da, faktiki olaraq əlində heç bir səlahiyyət yoxdur. Buna görə də, nazir müavini postunu məmnuniyyətlə deputat mandatına dəyişməyə hazırdır. Elman Rüstəmovla bağlı da oxşar vəziyyət hökm sürür. İşdən çıxarılandan sonra “kölgəyə” çəkilən sabiq bankirin evdə darıxdığına dair məlumatlar var. Buna görə deputat mandatı keçmiş sədr üçün “ikinci nəfəs” sayıla bilər. Məlumatlı şəxsin fikrincə, 72 yaşlı Rüstəmovun bu arzusunun reallaşması qeyri-mümkündür. YAP-ın deputatlığa namizədlərinin siyahısı hazırlanarkən onun namizədliyi nəinki müzakirə olunmayıb, heç adl da hallanmayıb...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?