Avropa Parlamentinin Yaşıllar Partiyasından olan deputatı Lena Şillinq hər altıncı aylıq maaşını (10.000 avro) yaşıl təşəbbüsləri və aktivistləri dəstəkləmək üçün bağışlamaq istədiyini açıqlayıb.
İlk ianə azərbaycanlı iqlim fəalı Qubad İbadoğluya və Global Witness QHT-yə veriləcək.
“DerStandard” nəşri yazır ki, professor Qubad İbadoğlu ötən ilin yayında həbs edilib və bu ilin aprel ayından ev dustaqlığındadır. Onun səhhəti kritik həddədir. Professorun qızı Jalə Bayramovanın dediyinə görə, atasının ürəyi təcili əməliyyat olunmalıdır, amma onun ölkəsində keyfiyyətli tibbi yardım almaq imkanı yoxdur.
Qəzetin yaydığı məlumatda deyilir ki, Qubad İbadoğlu Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi dövründə Avropa İttifaqı dövlətlərinin əsas təchizatçısı olan Mərkəzi Asiya ölkələrinin neft-qaz sənayesininin əsas tənqidçilərindəndir.
Məlumata görə, təxminən 3 000 avro hazırkı hakim partiyanın üzvləri tərəfindən dəstəklənən Yaşıl Vətəndaşlar Təşəbbüsü Assosiasiyasına veriləcək, qalan 7 000 avro isə hər altı aydan bir aktivistlərin dəstəklənməsi üçün istifadə olunacaq.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?