Noyabrın 15-də heyvan haqları fəalı, "Veqan kollektiv" aktivist qrupun üzvü Kamran Məmmədli COP29 tədbiri zamanı yaşıl zonada Azərbaycanda küçə itlərinin öldürülməsinə qarşı etiraz aksiyası keçirib.
Fəal əlində "Küçə itlərini öldürməyi dayandırın!" şüarlı plakat tutub.
"Azərbaycan hakimiyyəti itləri küçədə güllələyir. Azərbaycan diktaturası sahibsiz küçə itlərinə qarşı qətliam törədir", deyə, fəal aksiya keçirərkən deyib.
Fəal tədbirin mühafizəçiləri tərəfindən zorakılıqla saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.
Aksiyanı işıqlandıran jurnalistlər Xəyalə Ağayeva və Aytac Tapdığın əlindən telefonları zorla alınıb. Aytac Tapdıq Amerikanın Səsinə bildirib ki, xeyli gözlədikdən sonra telefon onlara geri qaytarılıb.
"Aksiyanı işıqlandıran zaman telefonumu arxadan əlimdən zorakılıqla götürdülər, nə qədər qaytarılmasını tələb etsəm də geri vermək istəmirdilər. Bir müddət sonra telefonlarımızı qaytardılar", deyə, jurnalist qeyd edib.
Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Heyvan haqları fəalları bundan öncə də dəfələrlə küçə itlərinin öldürülməsinə etiraz olaraq aksiya keçiriblər. Fəallar "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinə etiraz edərək deyirlər ki, onlar küçədən toplanan itləri öldürürlər və bunun dayandırılmasını tələb edirlər.
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi iddiaları təkzib edir və böhtan adlandırır.
Hər il fərqli ölkələrin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (Conference of the Parties) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakının Olimpiya stadionunda keçirilir.
Bundan əvvəlki tədbir isə COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir. Bakıdakı COP29-da əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşmə olacağı açıqlanıb.
Bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə insan hüquqlarının vəziyyətinə, müstəqil jurnalistlərin həbsinə, eləcə də vətəndaş cəmiyyətinin məhvinə diqqət çəkib.
"Amnesty International" təşkilatı yaydığı sənəddə qeyd edir ki, Azərbaycana COP29-a sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.
"Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub", hesabatda deyilir.
Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal müxtəlif ittihamlarla həbs olunub.
Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, "III Respublika Platforması"nın spikeri Akif Qurbanov, "meclis.info" saytının rəhbəri İmran Əliyev, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədli və digərləri var.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, jurnalist və hüquq müdafiəçisi fəaliyyətlərinə görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq tənqidi bəyanatlarla razılaşmır və onları qərəzli hesab edir. Eyni zamanda, insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir./amerikaninsesi.org/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?