ABŞ Dövlət Departamenti Azərbaycanda saxlanılan hüquq müdafiəçisi Rüfət Səfərovun işini diqqətlə izləyir.
“Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq”, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel dekabrın 3-də keçirilən ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabda bildirib.
Səfərov Azərbaycanda siyasi motivli həbslər, işgəncələr və hökumət korrupsiyası ilə bağlı sənədləri və hesabatları hazırlayan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəridir.
O, insan haqları sahəsində fəaliyyətinə görə Dövlət Departamentinin mükafatına layiq görülüb və bir neçə gündən sonra bu mükafatı almalı idi. Lakin çərşənbə axşamı o, Bakıda polis tərəfindən saxlanılıb.
Patel Azərbaycanı “haqsız yerə həbs olunanların hamısını azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa” çağırıb.
“Dünyadakı insan haqları müdafiəçilərinin öz işlərini maneəsiz və qisas qorxusundan azad şəkildə həyata keçirə bilməsi çox vacibdir”, o deyib.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb, ona qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. 2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?