Həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Azərbaycanda son həbslər dalğasını pisləyən bəyanat yayıb. Ona istinadən Facebook profilində yayılmış bəyanatında hüquq müdafiəçisi bildirib ki, Meydan TV əməkdaşları və ictimai-siyasi xadim Azər Qasımlının saxta ittihamlarla həbsi “Azərbaycan hakimiyyətinin cəmiyyətə qarşı cəza əməliyyatı kimi qəbul edilməlidir”.
“Bir hüquq müdafiəçisi olaraq, saxta ittihamlarla həbs edilən şəxslərə qarşı repressiv əməliyyatları qətiyyətlə pisləyirəm. Çox təəssüf ki, COP 29 səbəbilə təxirə salınan, lakin COP-dan dərhal sonra bərpa edilən siyasi motivli məhkəmə proseslərini izləmək imkanım yoxdur. Amma əminəm ki, insanlığa zidd olan bu repressiyaların da sonuna çox qalmayıb. Demokratiya mütləq qalib gələcək, Azərbaycan xalqı mütləq azad olacaq, ölkəmizdə ədalət hökmən bərqərar ediləcək!”, Rüfət Səfərovun bəyanatında deyilir.
Hüquq müdafiəçisinin fikirncə, Azərbaycan hakimiyyəti 2024-cü ilin son ayını da “şiddətləndirilmiş repressiyalarla” başa vurmaqda israrlıdır.
“Artıq insanların tək-tək və ya dəstə-dəstə tutulmasına, ənənəvi şərləmə mexanizminin həm ayrı-ayrı şəxslərə, həm də həbs edilən qruplara eyni “uğurla” tətbiq olunmasına heç kəs təəccüblənmir. Hökümət faktiki olaraq özünün törətdiyi bütün cinayətkar fəaliyyət növlərini saxta şahidlər və arqumentlərlə öz opponentlərinə qarşı istifadə edir. Dələduzluğun, qaçaqmalçılığın, narkotiklərin qanunsuz dövriyyəsinin bu rejimin aşağıdan yuxarıya doğru bütün nomenklaturasına aid fəaliyyət növləri olduğunu kim bilmir ki? Dekabrın 8-də Meydan TV əməkdaşlarının, 9-da isə tanınmış ictimai-siyasi xadim Azər Qasımlının saxta ittihamlarla həbsi rejimin Azərbaycan cəmiyyətinə qarşı cəza əməliyyatı kimi qəbul edilməlidir. İnanıram ki, bütün mütərəqqi qüvvələr bunu məhz belə də qiymətləndirirlər”, Rüfət Səfərova istinadən onun profilində yayılan bəyanatında deyilir.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaqın siyasi məhbusların yeni siyahısı ilə bağlı son hesabatında deyilir ki, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfərə çatıb. Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır.
Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin Avropa Parlamenti, ABŞ Dövlət Departamenti “haqsız yerə həbsdə olanların” azad edilməsi ilə bağlı Azərbaycan hakimiyyətinə müraciətlər edib.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağıran bəyanatla çıxış edib.
“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinkenin bəyanatında deyilir.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır.
Dövlət Katibi Azərbaycan hökumətini ATƏT qarçısında götürdüyü öhdəliləri yerinə yetirməyə çağırıb.
“Biz Azərbaycan hökumətini insan haqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına qoşularkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq,” Blinken deyib.
Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda “insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edir”.
Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir./amerikaninsesi.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?