Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rian və Azərbaycan vətəndaşı Azad Məmmədli barəsində cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bugünkü prosesdə ittihamı dövlət ittihamçısı elan edib.
Martin Rian ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
“Məndə sübutlar var ki, bu cinayəti bilərəkdən qəsdən törətməmişəm”, o qeyd edib.
Azad Məmmədli isə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə növbəti iclası fevralın 19-da davam etdirəcək.
Martin Rian 25 aprel 1988-ci ildə Klermon-Ferran şəhərində anadan olub, ali təhsillidir. “Beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə Fransada Monpelye 3 Universitetini bitirib. Azərbaycanda sahibkarlıqla məşğul olub. Azərbaycana xaricdən şərab tədarük edib.
Martin Rian Fransa vətəndaşı olmaqla yanaşı, Böyük Britaniyanın da vətəndaşıdır.
Martin Rianla birgə həbs edilən Azad Məmmədli 1995-ci ildə anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. Magistr təhsilini Fransada alıb.
Azad Məmmədli 2019-2023-cü illərdə Azərbaycan Beynəlxalq Bankının hüquqşünası olub, daha sonra Böyük Britaniyaya köçərək orada çalışıb. Azərbaycana qayıdandan 2 ay sonra həbs edilib.
Martin Rian və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Riana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Rian onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
İttiham sübut olunsa, onları 15 ilədək həbs gözləyir.
Martin Ryan saxlanıldıqdan sonra 2023-cü ilin dekabrında Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı persona non-qrata elan olunub.
Fransa Xarici İşlər Nazirliyi dekabrın 27-də diplomatlarına qarşı rəsmi Bakı tərəfindən irəli sürülən ittihamları qəti şəkildə rədd edib və qarşılıq olaraq Azərbaycanın iki diplomatını "persona non grata" elan etdiyini açıqlayıb.
Fransanın "Observer Online" qəzeti 2023-cü il aprelin 6-da yazıb ki, iş üzrə saxlanılan Azərbyacan vətəndaşı Azad Məmmədli "Fransa vətəndaşlığı verilməsi və maddi mükafat müqabilində" Fransa vətəndaşı Rianla "geniş məxfi əlaqələr" qurmaqda ittiham olunur.
Onun regionla bağlı məlumat toplamaqla və Fransa xüsusi xidmətlərinə ötürməklə məşğul olduğu iddia olunur.
Mənbənin məlumatına görə, Rian və Məmmədli kəşfiyyat əməkdaşlarının tapşırığı ilə Fransanın "Societe Generale" bankının əməkdaşları ilə əlaqələr qurublar.
Məmmədli Azərbaycan banklarında bankın "müxbir hesablarının" açılmasında və digər məsələlərlə bağlı banklararası müqavilələrin bağlanmasında iştirak edib./amerikaninsesi.org/
Sorğu
Yeni dizaynımız necədir?