Təbriz Azad İslam Universitetinin Müstəqil Tələbələr Cəmiyyəti tələbə təşkilatlarına nəzarət heyətinin sərt senzura tətbiq etməsinə etiraz olaraq uşaq nikahları mövzusunda fotosərgini ləğv edib.
Bu tələbə təşkilatı yayımladığı bəyanatda bildirib ki, 22-25 fevral tarixlərində keçirilməsi planlaşdırılan fotosərgi, sərginin posterində olan görüntü və habelə türkcə yazıların dərc edildiyi üçün senzura ilə üzləşib. Bu səbəbdən tələbə cəmiyyəti sərgini ləğv etmək qərarına gəlib.
Bəyanatın bir hissəsində sərginin ləğv edilməsinin səbəbləri belə izah olunur: "Təəssüf ki, sərginin posterindəki təsvirə və posterdə Azərbaycan türkcəsində yazının olmasına nəzarət heyətinin etiraz etməsi səbəbindən bu proqram müəyyən maneələrlə üzləşdi."
Tələbə cəmiyyəti həmçinin bildirib ki, tələbə cəmiyyətlərinə nəzarət heyətinin bu sərgiyə qarşı verdiyi qərarlar fotoqrafların və sənətçilərin sərgiyə əsərlərini göndərməkdən imtina etməsinə səbəb olub.
Təbriz Azad İslam Universitetinin Müstəqil Tələbələr Cəmiyyəti son hadisələrlə bağlı təəssüf hissini ifadə edərək bildirib ki, bu cür məhdudiyyətlər universitet mühitinin xeyrinə deyil. "Universitet mühiti siyasi, sosial, mədəni və bədii inkişaf üçün bir məkan olmalıdır. Tələbələr burada öz baxışlarını və sosial problemlərlə bağlı narahatlıqlarını azad şəkildə ifadə edə bilməlidirlər" - bəyanatda qeyd olunub. İranda, xüsusilə İran Azərbaycanında uşaq nikahları ciddi sosial problemdir və cəmiyyətə müxtəlif zərərlər vurur. Ölkədə erkən nikahların qarşısını almaq və ya sayını azaltmaq üçün yetərli hüquqi mexanizmlər mövcud deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?