Bakı Dövlət Universitetinin tələbələri Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” qərarın icrası barədə Təhsil nazirinin əmrinə etiraz olaraq fevralın 20-də universitetin qarşısında aksiya keçirəcək.
Fevralın 15-də qüvvəyə minəcək qərara əsasən, hər hansı bir fəndən kəsiri olan tələbə əvvəlki illərdən fərqli olaraq, oturduğu alt qrupda həmin kəsiri ödəmək üçün müəyyən məbləğ ödəməlidir. Tələbələr də bu əlavə ödənişə qarşı etiraz edirlər.
Etiraz aksiyasına hazırlıq məqsədilə tələbələr tərəfindən Feysbuk sosial şəbəkəsində “Kəsir üçün pul verməyək” adlı çağırış mesajı (event) yaradılıb.
Yeni qərardan bütün universitet tələbələri narazıdır
Aksiya təşkilatçıları açıqlamalarında etirazın siyasi motiv daşımadığını bildirdilər:
Qeyd olunan aksiyamız 20 fevral saat 13:30-da Bakı Dövlət Universitetinin əsas korpusunun qarşısında keçiriləcək. Aksiyanı keçirməkdə əsas məqsədimiz Nazirlər Kabinetinin alt qrupda oturmaq üçün ödəniş olunması haqqında qəbul etdiyi qərara etirazdır. Hazırda BDU-da bütün tələbələr bu vəziyyətdən narazıdır. Tələbələrin böyük əksəriyyətinin kəsiri var; tələbə olasan, kəsirin olmaya?! Bundan başqa, BDU rəhbərliyinin qaib limitinə etdiyi dəyişikliyə də aksiyamızda toxunulacaq”.
Tələbələr bu qərarla razılaşmalıdılar!
BDU-nun mətbuat katibi Pərvanə İbrahimovanın fikrincə, etiraz aksiyasının keçirilməsi yersiz olsa da, bu, tələbələrin öz istəyidir:
“Şənbə günü universitetin rektoru adından saxta profil açıldı. Həmin profildə guya bu qərarın universitet rəhbərliyi tərəfindən verildiyi haqda xəbər getdi. Daha sonra KİV-i həmin profilin saxta olması haqqında məlumatlandırdıq. Bu, kiminsə tərəfindən düzülüb-qoşulmuş bir addım idi. Bu qərar isə universitetin deyil, Nazirlər Kabinetinin qərarıdır. Bu qərara görə, alt qruplar kredit sayına görə, fevral ayının 15-dən etibarən pullu olacaq. Bu, bütün ali təhsil müəssisələrinə şamil olunacaq. Əgər bu qərar Nazirlər Kabineti tərəfindən verilibsə, tələbələr bu qərarla razılaşmalıdırlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?