Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı və sülh aktivisti Bəhruz Səmədova qarşı açılmış cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib.
Səmədovun vəkili Zibeydə Sadıqova həbsin ev dustaqlığı ilə əvəz olunması və başqa tələblərlə bağlı bir neçə vəsatət verib. Məhkəmə vəsatətləri təmin etməyib, buna etiraz olaraq isə Səmədov aclığa başlayacağını bildirib.
“Biz istintaqın aparılmasına etiraz etmirik, çünki biz sonda bəraətin verilməsini istəyirik, ona görə də işin getməsini və sonda Bəhruzun günahsız olduğunun sübut olunmasını istəyirik. Amma bunun Bəhruz azadlıqda ola-ola aparılmasının tərəfdarı idik. Bəhruzun himayəsində olan yaşlı nənəsi var. Daimi qeydiyyatda olduğu cəmi bir yer var, orada artıq axtarış aparılıb və heç nə tapılmayıb. Bu əsasları gətirərək məhkəmədən xahiş etdik ki, həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsun”, Sadıqova məhkəmədən sonra Amerikanın Səsinə bildirib.
Hakim Elnur Nuriyevin sədrliyi ilə ictimaiyyətə açıq keçirilən məhkəmədə Səmədov təqsirsiz olduğunu, azadlığa buraxılmasının ölkənin beynəlxalq aləmdə imici üçün də faydalı olacağını deyib. O bildirib ki, repressiv rejimlər hər zaman elm adamlarını təqib edib və bu cür repressiyalar cəmiyyətin yaddaşında mənfi bir səhifə kimi qalır.
Növbəti məhkəmə prosesi martın 7-nə təyin edilib və qapalı keçiriləcəyi elan olunub. Sadıqova məhkəmənin açıq keçirilməsi üçün vəsatət verəcəyini deyib.
Bəhruz Səmədov Çexiyada yerləşən Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
Səmədov ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Dekabrın 17-də məhkəmə istintaq orqanının vəsatətini təmin edərək Bəhruz Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay 15 gün müddətinə uzadıb./amerikaninsesi.org/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?