Fevralın 26-da Səbail Rayon Məhkəməsində “Kanal13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun işi üzrə son məhkəmə iclası olub. İclasda Orucova 2 il hökm oxunub.
İclasda dövlət ittihamçısı Orucova qarşı irəli sürülən qanunsuz tikinti ittihamının məhkəmədə sübuta yetirildiyini iddia edib və məhkəmədən jurnalistə 2 il 6 ay həbs cəzası verilməsini istəyib.
Müdafiə tərəfi çıxışlarında Orucovun günahsız olduğunu və peşə fəaliyyəti əlaqədar həbs olunduğunu bildiriblər. Orucov özü də çıxışında məhkəmədən bəraət istəyib.
Əziz Orucov 2023-cü il noyabrın 27-də Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə ittiham olunaraq saxlanılıb. Onun həbsi Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı həbslərin yeni dalğasının başlamasına təsadüf edib.
Bir müddət sonra Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdə olan müstəqil jurnalistlərin əksəriyyəti məhz bu ittihamla təqsirləndirilir.
İbtidai istintaqın nəticəsinə əsasən, Orucovun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.
“Kanal13”ün digər əməkdaşı Şamo Eminov 2023-cü ilin dekabrında qaçaqmalçılıq ittihamı ilə həbs olunub. O, ötən ilin dekabrın 29-u ibtidai istintaqın və həbs qətimkan müddətinin bitdiyinə görə azadlığa buraxılıb.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?