Natiq Cəfərli: “Bu məsələdə çox həssas ortaq məxrəc tapmaq lazımdır”
Məlum olduğu kimi, iyunun 20-də ölkə prezidenti tərəfindən Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalanıb. Fərmana əsasən ölkə ərazısində açıq məkanda reklam daşıyıcılarının yerləşdırilməsi, həmin reklam daşıyıcıları üzənrində yerləşdırilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimlənməni və nəzarəti təmin etmək məqsədılə “Azərbaycan Respublıkasının Dövlət Reklam Agentlıyi” publik hüquqi şəxs yaradılıb. Xatırladaq ki, bu günə qədər ölkədə reklam sahəsində yeganə təşkilat Bakı Şəhər İcra Hakimiyyətində Reklam və İnformasiya İdarəsidir. Qurum qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır, küçə reklam daşıyıcılarının uçotunu aparır, dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir, idarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir. Lakin ekspertlər də qeyd edir ki, qurumun fəaliyyəti dövründə reklam bazarında həm gəlir, həm də keyfiyyət baxımından heç bir müsbət nəticə əldə olunmayıb, qanun və göstərişlərə riayət edilməyib. Qurum tərəfindən küçə reklamlarından 1 milyon 250 min dövriyyə olduğu göstərilsə də, əslində real rəqəm 10 dəfələrlə çoxdur. Məhz bu səbəbdən Reklam Agentliyi yaradılaraq, milyonların dövr etdiyi reklam bazarına, gəlirli sahəyə nəzarət Bakı meri, BŞİH-in başçısı Hacıbala Abutalıbovun əlindən alınmış oldu. Beləliklə də reklam bazarının milyonlarına indi dövlətin özü nəzarət edəcək.
Bəs yeni yaradılan Reklam Agentliyinin hansı faydaları ola biləcək?
İqtisadçı Natiq Cəfərli mövzuya bu cür şərh bildirdi: “Əslində mənim dünyagörüşüm və iqtisadi baxışlarıma görə dövlətin iqtisadiyyatda iştirakı minimum olmalıdır. Reklam elə bir sahədir ki, burada nə qədər çox rəqabət, ciddi rəqabət mühiti yaranacaqsa, bir o qədər də keyfiyyət üstünlükləri və qiymət fərqi yaranacaq. Təbii ki, BŞİH-in nəzdində olan agentliyin fəaliyyəti heç də qənaətbəxş deyildi və bu günə qədər fəaliyyətinin ciddi bir nəticələrini də görməmişik. Yeni Dövlət Agentliyi ola bilər ki, bu sahədə yardımçı olsun, amma ümumilikdə reklam bazarına nəzarətin dövlətə keçməsinə şərait yaradacaqsa, əslində bu, o qədər də yaxşı hal deyil. Çünki reklam həmin ölkələrdə güclü olur, hansı ki, ciddi rəqabətli mühit var. Yəni reklam dünyanın hər yerində ticarətin motoru hesab edilir. Nə qədər çox rəqabətli mühit olacaqsa, reklam bazarı da bir o qədər inkişaf edəcək. Əslində Azərbaycanın reklam bazarı çox kiçikdir. Yəni pay, əhali, ərazi etibarı ilə Azərbaycana yaxın olan Macarıstan ölkəsində reklam dövriyyəsi təqribən 2 milyard avrodur. Burada çap mediasından, küçə reklamlarından tutmuş, televiziyalara qədər ümumilikdə 2 milyon avroya yaxın reklam bazarı var ki, bu da çox böyük rəqəm, böyük iqtisadi faktordur və iqtisadiyyatda on minlərlə insanın çalışmasına səbəb olur. Azərbaycanda isə reklam bazarı son rəsmi rəqəmlərə görə 80-90 milyon dollar civarındadır və bu da çox kiçik bir rəqəmdir. Burada əsasən televiziya reklamı önə çıxır. Televiziya reklamlarına baxdıqda isə əsasən xarici şirkətlərin nümayəndəlikləri tərəfindən verilmiş reklam çarxlarını görürük. Ona görə də reklam bazarında böyük rəqabət mühiti yaranmalıdır ki, inkişaf etsin. Yeni yaradılmış agentlik ilkin mərhələdə bu mühitin formalaşmasına kömək edəcəksə, sonradan agentliyin özəlləşdirilməsi və ya digər formaya keçməyə baş verəcəksə, təbii ki, bazarda aktiv dinamikaya səbəb olmağa əsas verə bilər. Amma dövlətin nəzarətində olacaqsa, həm qiymətə, tarifə agentlik diktə edəcəksə, təəssüf ki, bu, bazarda kiçik reklam şirkətlərinin sıradan çıxmasına səbəb ola bilər. Ona görə də bu məsələdə çox həssas ortaq məxrəc tapmaq lazımdır. Yəni bir dövlətin nəzarəti və dəstəyi ilə qurulan bir agentlik digər reklam bazarının oyunçularının sıradan sıxışdırılıb çıxarılmasına səbəb olmamalıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?