Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə Əli İnsanovun vəkili Ağaveyis Şahverdi bir daha şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib.
Vəkil bildirib ki, cinayət işindəki bir sıra hallara aydınlıq gətirilməsi üçün mütləq araşdırma aprılmalıdır.
Hakim vəkilin vəsatətini təmin etməyib.
Ağaveyis Şahvürdi Əli İnsanov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Ədliyyə mayoru, zərərçəkmiş Anar Məmmədov çıxış edərək hökmün qüvvədə saxlanmasını, apelyasiya şikayətinin rədd edilməsini istəyib.
Dövlət ittihamçısı Ceyhun Budaqov hökmün dəyişdirilməsinə heç bir əsas olmadığını deyib.
Sonda müşavirə keçirən hakim heyəti qərar elan edib. Əli İnsanovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub.
Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.
Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?