Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda idmançı olduğu deyilən Bəhman Səfiyevin “Gelenvagen”lə qəza törədərək adam öldürməsi haqda məlumat yayıb.
"Gündəm Xəbər"“Qafqazinfo”ya istinadən daxil olan birgə məlumatı təqdim edir: “İyulun 20-də, saat 18 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Səfiyev Bəhman Süleyman oğlu etibarnamə olmadan idarə etdiyi, tanışı - 1979-cu il təvəllüdlü, Bakı şəhəri sakini İsayev Rəşad Zakir oğluna məxsus “Mercedes Benz G63” markalı, 10 LJ 010 dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürətin maksimum həddinin 90 km/saata qədər məhdudlaşdırıldığı sahədə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Bakı-Bilgəh yolu ilə saatda 100 km/saat sürətlə hərəkət edərkən yolu keçən piyada - 1959-cu il təvəllüdlü, Buzovna qəsəbəsində kirayədə yaşayan Musayev Elman Zaman oğlunu ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumatla əlaqədar əməliyyat-istintaq qrupu yaradılaraq dərhal hadisə yerinə rayon prokurorunun iştirakı ilə baxış keçirilib, hadisə yeri ətraflı müayinə olunmaqla fotoşəkillər çəkilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla əlaqədar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb və məhkəmə-avtotexniki ekspertizaları təyin edilib.
Bəhman Səfiyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin cinayət işi üzrə, eləcə də Bəhman Səfiyevin bir qrup şəxslə 2015-ci ildə Nərimanov rayonu ərazisində baş vermiş silahlı insidentdə iştirakı ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların tam, hərtərəfli və obyektiv araşdırılaraq qanunamüvafiq qərarın qəbul edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Qeyd edək ki, idmançı olduğu deyilən Bəhmən Şəfiyevin adı bundan əvvəl Bakının “Kral” restoranında baş vermiş silahlı insidentdə çəkilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?