Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Mirəziz Əsgərovun vəkilləri Əlmərdan Sadıqov və Fazil Nəhmətovun iştirak etmədyi məlum olub. Mirəziz Əsgərov prosesdə fasilə verilməsini, vəkillərinin iştirakının təmin edilməsini istəyib. Vidadi Əzizovun nümayəndəsi bildirib ki, zərərçəkmiş səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir: "Biz vəsatət vermək istəyirik. Vəsatətimiz ondan ibarətdir ki, Mirəziz Əsgərov ev dustaqlığına buraxılsın, Vidadi Əzizova qarşı cinayət törədən digər MTN əməkdaşları məsuliyyətə cəlb olunsunlar". Prokuror Vüqar Quliyev deyib ki, bu vəsatəti zərərçəkmiş özü verə bilər. Məhkəmə prosesi iyulun 28-də davam edəcək. İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
Sorğu
Yeni dizaynımız necədir?