Prokuror qətl törədənə 10 il 6 ay cəza istədi Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 57 yaşlı Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Səxavət Məmmədova cəza istəyib. Prokuror Səxavət Məmmədovun törətdiyi əmələ görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Səxavət Məmmədovun hadisədən sonra polisə könüllü olaraq təslim olması ona cəza təyin edilərkən yüngülləşdirici hal kimi qiymətləndirilib.
Səxavət Məmmədov dəfələrlə mübahisə etdiyi qonşusu Müşfiq Şükürova şişlə bir neçə dəfə zərbə endirərək, onu qətlə yetirib.
Hadisə Xətai rayonu, Neapol küçəsi, 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib. Cinayətin baş verməsinə səbəb yataqxananın birinci mərtəbəsində yaşayan Ağdam rayonundan olan məcburi köçkün 46 yaşlı Müşfiq Şükürovun qonşusu, Cəbrayıl rayonundan olan məcburi köçkün S.Məmmədovu narahat etməsi olub. Aralarında yaranmış mübahisə zamanı S.Məmmədov qonşusununa şişlə bir neçə zərbə vuraraq, onu öldürüb.
S.Məmmədov qonşusunun nalayiq söyüşlərindən, gecə saatlarına qədər davam edən dava-dalaşından, evə əxlaqsız qadınlar gətirməsindən bezdiyi üçün onunla dəfələrlə mübahisə etdiyini, sonda isə belə bir hadisə baş verdiyini deyib.
Qeyd edək ki, Səxavət Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqdirli bilinir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?