Namus üstündə anasını öldürən 16 yaşlı gəncin məhkəməsi keçirilib.
Gündəm Xəbər Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Əliyev Maarif Eldar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əhməd Quliyev sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Maarif Əliyevin 10 il müdətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin hüquqi varisləri təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin edilməsini istəyib.
Maarif Əliyevin vəkili Şöhrət Allahmanov təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş edib. O, müdafiə etdiyi şəxsin yetkinlik yaşına çatmadığını, yaşadığı yerdən müsbət xarakterizə olunduğunu bildirib.
Son söz deyən Maarif Əliyev əməlindən peşman olduğunu bildirib.
Müşavirədən sonra hakimlər hökmü elan edib. Hökmə əsasən M.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə ötən ilin dekabrında Zabrat-2 qəsəbəsində baş verib.
Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı mübahisə etdikdən sonra güllələyib.
M.Əliyev polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.
M.Əliyev qətli namus üstündə törətdiyini bildirib.
Hadisədən sonra qonşuların dediyinə görə, M.Qurbanovanın əri hadisədən bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.
Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.
O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?