Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Cahangir Salamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan olunub. Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktına əsasən, C.Salamov bu il yanvarın 16-da tanışı Tural Səfərovla Sabunçu rayonu ərazisində yerləşən "Məkan" kafesində mübahisə edib. Aralarında yaranan mübahisədən bir gün sonra onlar yenidən görüşüb. Bu dəfə də tərəflər arasında mübahisə yaranıb. C.Salamov üzərində olan bıçaqla T.Səfərova iki dəfə zərbə endirib. Daha sonra T.Səfərov hadisə yerini özü tərk edib. C.Salamov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə iclasında C.Salamov elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O bildirib ki, domino oynayarkən etdiyi zarafat tanışı T.Səfərovun xoşuna gəlməyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, T.Səfərovla 10 ilə yaxındır ki, dostluq edib: "Domino oynayan zaman onun eynəyi ilə bağlı zarafat elədim. Bu da Turalın xoşuna gəlmədi, mənə əl atdı, domino daşını üzümə çırpdı. Çayxanada olan uşaqlar bizi ayırdı. Ordan çıxıb getdik. Bir gün sonra Turala zəng edib, onu görüşə çağırdım. Turaldan üzr istəməsini tələb etsəm də, o, mənimlə mübahisə etdi. Bundan sonra bıçağa əl atdım". O, hadisədən sonra dostu T.Səfərovun oradan uzaqlaşdığını söyləyib: "Tural özü ayağa qalxıb gedəndən sonra çıxıb getdim. Sonra polislər gəldi". Prosesdə zərərçəkmiş T.Səfərov da dindirilib. O, hadisə haqda danışan zaman aralarında barışıq olduğunu bildirib: "Şikayətim yoxdur". Məhkəmənin növbəti iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, C.Salamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur./report
Sorğu
Yeni dizaynımız necədir?