Hadisə oktyabrın 5-də axşam saatlarında şəhərin Fariz Eynullayev küçəsində qeydə alınıb.
Hacıqabul rayonunda məskunlaşan Füzuli rayonunun Mahmudlu-1 kənd sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsrət Sabir oğlu Şahverənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağciyərin bıçaq yarası xəsarəti ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Həsrət Şahverənov 2009-cu il martın 26-da ailə münaqişəsi zəminində atası Sabir Şahverənovu kəndirlə boğaraq qətlə yetirib. 19 Oktyabr 2009-cu ildə H.Şahverənov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
H.Şahverənov məhkəmədə bildirib ki, atası daim onu, bacısını, qardaşını və anasını döyür, incidir, onlara olmazın əzablar verirdi. Bacısı 15 yaşında olarkən atası tərəfindən zorlanıb. Sonuncu dəfə evə dönən atası bacısını və qardaşını təhqir edib. Bütün bunlara dözməyən Həsrət ailə üzvlərinin gözü önündə atasını kəndirlə boğaraq qətlə yetirib. Atalarının öldürülməsini hamıdan gizlədən ailə üzvləri onun təzyiqdən öldüyünü bildiriblər və meyiti adət-ənənəyə uyğun dəfn ediblər. Məhkəmədə ifadə verən Sabir Şahverənovun bacısı T.Zeynalova bildirib ki, qardaşı Sabir törətdiyi əməllərin aqibətini yaşayıb. O da öz atasını öldürmüşdü./APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?