Gülbən Ərgən də mafiyanı çox sevib, İlhamə Quliyeva da…
Müğənni Fədayə Laçının oğru dünyasının üzvü ilə yaşadığı eşq macərası, hətta azadlığa qovuşdurmaq üçün onu qaçırması son günlərin ən çox müzakirə olunan mövzusudur. Bu isə bizə çoxdan bəri bəlli olan müğənni-mafiya münasibətləri ilə bağlı kiçik bir dosye hazırlamağı mütləq etdi. Məlumdur ki, bu, nə birinci belə əlaqədir, nə də sonuncu. Şou biznes dünyasının məşhurları limitsiz pulu, gücü, bağlı qapıların bir anda taybatay açılmasını sevirlər. Buna isə mafiyadan başqa heç kimin gücü çatmaz… Və bu, təkcə Azərbaycanda belə deyil.
Türkiyə və Azərbaycan şou biznesində bununla bağlı örnəkləri nəzərinizə çatdırırıq.
Başlayaq Türkiyə sənət musiqisinin məşhur nümayəndələrindən olan Muazzez Abacıdan. O, olduqca ehtiraslı və əfsanə bir sevgi yaşayan qadın olub. Həsən Heybətli adlı mafiya babası ilə yaşadığı sevgi zamanında olduqca səs-küy yaradıb və araşdırılmağı tələb edən xüsusatdır. Onlar iki dəfə evlənib boşansalar da, bir-birlərindən qopa bilməyiblər.
Bu sevginin ən əfsanəvi tərəfi isə H.Heybətlinin onu aldatdığını öyrənən Muazzez Abacının polisə zəng edərək, sevgilisinin yerini deməsi və onu yaxalatmasıdır. Amma sevgi yasaq, əngəl, qürur və ən önəmlisi türmə tanımır. Sevgilisini yaxalatdıqdan sonra müğənni həbsxananın tam qarşısından bir ev tutub və aylarca fit çalmaq yolu ilə ünsiyyət qurublar.
Türkiyənin məşhur manekeni, “Survivor” yarışmasında da ad çıxaran Tuğba Özay da var siyahıda. Onun da yolu mafiya ilə kəsişib. Sevgilisi Akın Büyükoğlu ondan ayrılmaq istəmədiyi üçün maneken ciddi problemlər yaşayıb. Buna görə də çarəni yeraltı dünyasında tapıb “Susurluk işi” üzrə ittiham olunanlardan birinə, mafiya nümayəndəsi Yaşar Özə yardım üçün müraciət edib. Yaşar Öz və Akın Büyükoğlu arasında çıxan silahlı çatışmadan sonra cinayətin sifarişçisi olaraq Tuğba Özay bir müddət həbsə girib.
Müğənni Ceylan da “ağır abi” sevənlərdəndir. Onun sevgilisi də Tuğba Özay olayında adı çəkilən Yaşar Özdür. Həmin vaxt həbsdə olan Yaşar Öz böyük bir Ceylan heyranı imiş və bu xəbəri bacısı Ceylana deyib. Ceylan və Yaşar Öz bir-birinə məktub yazaraq münasibətə başlayıblar. Bu münasibət biri türmədə, biri azadlıqda olmaq şərtilə 2 ilə yaxın davam edib. Sibel Canın baldızı Aslı Ural da mafiyanın “qəlbini” ovsunlayanlardan olub. Aslı Ural və Alaaddin Çakıcı, Çakıcı'nın qaçaq olduğu zamanlar Parisdə görüntülənmişdi. Hətta deyilənə görə, A.Uralın həyat yoldaşı Uğur Kılıcı da Çakıcı öldürtdürüb. Aslının Çakıcı ilə münasibət yaşama səbəblərindən biri də onun ölmüş həyat yoldaşına çox bənzəməsi idi.
Gülbən Ərgənin ürəyi də 1995-ci ildə mafiya dünyasından keçib. O, həmin illərdə Bursada çalışırdı və həmin vaxt Erol Evcil adlı mafiya nümayəndəsi ilə tanış olmuşdu. Onlar böyük bir sevgi yaşadılar, hətta evlənməyə hazırlaşırdılar. Gülbənin toy paltarı belə sifariş verilmişdi. Amma Erol Evcil, başqa bir mafiya nümayəndəsi Nesim Malkinin ölümü ilə suçlananda onu həbs etdilər. İstintaq araşdırması zamanı E.Evcilin G.Ərgənlə də münasibətləri üzə çıxdı. Hətta bir müddət müğənni istintaqa ifadə vermək üçün günlərlə polisdə saxlanıldı. G.Ərgən isə öz növbəsində ifadəsində özünü ağa çıxarmaq istədi və dedi ki, dəfələrlə E.Evcildən ayrılmaq istəsə də, ondan qorxub və ayrıla bilməyib. Müğənni Sibel Turnagöl-Fatih Bucak münasibətləri də tipik mafiya-şou biznes münasibəti idi. Amma onları media nümayəndələri görüntüləyə bilmədiyi üçün qəzet arxivlərində onların birgə çəkilmiş şəkillərinə rast gəlmək mümkün deyil.
Keçək Azərbaycana. Adının çəkilməsini istəməyən mənbənin dediyinə görə, Azərbaycanda müğənni-oğru dünyası arasında sevgi münasibətləri çox geniş yayılıb. Çox zaman onlar azadlıqdan tanış sayılırlar. Hansısa müğənninin çıxış etdiyi restorana gələn oğru onu orda görür və bəyənir. Bol bəxşiş, gül, şabaş, hədiyyə ilə ilk növbədə gözünü boyayır. Ardınca isə münasibətlər başlayır. Bir çox hallarda narkotik aludəçisi olan müğənnilərlə oğruları bu zərərli vərdiş bir araya gətirir. Yəni, artıq onların ortaq maraqları var. Amma bəzi hallarda oğru, mafiya nümayəndəsi pərəstiş etdiyi müğənnini yanında görmək istəyir, onun səsini eşitmək, mahnılarının yalnız özünə oxunmasını arzulayır. Amma bir çox məqsədlərini məşhur bir simanın əli ilə həyata keçirmək də bu münasibətlərdə rol oynaya bilir. Yəni, müğənnidən çox adam şübhələnmədiyi üçün müəyyən çirkin əməlləri onların vasitəsilə etmək də planın tərkib hissəsi ola bilər.
Hacı Məmmədov olayı bizdə bir çox müğənnilərin iç üzünü açdı. Məlum oldu ki, onlar Hacı Məmmədovun yaxın dostları olublar. İlhamə Quliyeva, Brilyant Dadaşova, Mətanət İsgəndərli, Manana, Eyyub Yaqubov bu qəbildəndir.
Ümumiyyətlə, mərhum İlhamə Quliyeva sağlığında həm Hacı Məmmədov, həm də MTN əməliyyatlarında adı çəkilən şəxslərdən olub. İ.Quliyeva zamanında mediaya müsahibəsində Hacı Məmmədovla əlaqələrini boynuna almış, sonuncunun onun sənətinə heyran olduğunu, bu səbəbdən dostluq etdiklərini açıqlamışdı. O bildirmişdi ki, Hacı Məmmədovun cinayət əməllərindən heç bir xəbəri olmayıb.
Brilyant Dadaşova, Manana da zaman-zaman Hacı Məmmədova məxsus “Qarabulaq” istirahət mərkəzində olublar. Hətta bu olay üzə çıxandan qısa müddət sonra Brilyant Dadaşova ölkədən çıxmaq istəyəndə onu sərhəddə saxlamışdılar. H.Məmmədovla əlaqəsi olan hər bir müğənni istintaqa günlərlə ifadə verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?