Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Məmmədoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
İttihama görə, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Vüqar Əlizadə tanışı, 1993-cü il təvəllüdlü Kamran Quliyevi pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.
Hər iki şəxs fəhləliklə məşğul olub. 23 yaşlı Kamran Quliyev tanışından bir müddət əvvəl 150 manat borc pul alıb. Bir müddət sonra Vüqar Əlizadə ondan borcu qaytarmasını istəyib. Lakin Kamran Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini xahiş edib. Vüqar Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Tanışların pul mübahisəsi daha sonra davaya keçib və Vüqar Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb. İstintaq araşdırması zamanı Vüqar Əlizadənin dostu İlham Məmmədoğlunun da cinayət işində əli olduğu məlum olub.
Təqsirləndirilən şəxslər hadisə barədə danışandan sonra şahid qismində Tünzalə Əliyeva ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxslərdən Vüqar Əlizadənin anasıdır. Hadisənin şahidi olan ana qeyd edib ki, oğlunun bu işdə günahı olmayıb: “Oğlum ona bir bıçaq vurub. Səbəb də söyüş olub. Oğlumun başqa təqsiri yoxdur. Bunun hamısı İlhamın işləridir. O cinayəti oğlumun boynuna yıxdı”.
Tünzalə Əliyeva deyib ki, təqsirləndirilən şəxs İlham Əliyev oğlunu aldadıb və cinayəti onun oğlunun boynuna qoyub.
İlham Əliyev isə şahidi yalan danışmaqda ittiham edib. O deyib ki, bu qətl hadisəsinə görə ilk olaraq Vüqar Əlizadə həbs edilib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, üç gün sonra yalandan qətlin onun tərəfindən törədildiyini deyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?