Hüquq müdafiəçisi Oqtay Gülalıyev və Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri Emil Səlimov aprelin 16-da Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinə çağırılıb.
Bu barədə Oqtay Gülalıyev və Emil Səlimov facebook səhifələrində məlumat yayıb.
O.Gülalıyev bildirib ki, aprelin 16-da adı çəkilən idarədə olacaq. O, polisə çağrılmasının əsl səbəbləri barədə məlumatsız olduğunu yazıb.
Aprelin 16-da AXCP fəalı Emil Səlimov isə yazıb ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən zəng vurub məni gizli saxladıqları hansısa işlə bağlı şahid qismində ifadə vermək üçün dəvət ediblər.
"Vəkillə idarəyə gedəcəm. Amma əminliklə bildirirəm ki, şəxsimlə bağlı hazırlanacaq olan hər hansı iş bəri başdan quramadır və siyası fəaliyyətimlə bağlıdır", Səlimov qeyd edib.
İctimai fəal Fatimə Mövlamlının martın 31-də yoxa çıxması ilə bağlı məlumat yayılıb. O yalnız aprelin 5-də tapılıb və sonradan DİN Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində saxlanıldığını bildirib.
“Məni Bakıda "Diktatoru Tanıdaq" aksiyasını keçirdiyim üçün Əliyev rejimi oğurlamışdı. Mən onların hədə qorxularına baxmayaraq həqiqətləri açıqladım. Məni şərləyib, guya əxlaqsızlıqla məşğul olduğumu boynuma qoysalar da, oradakı bütün sorğuların yalnız bir mövzusu var idi: siyasi fəaliyyətim! Onların məndən istifadə etməsinə imkan vermədiyim və məkrli planlarını ortaya qoyduğum üçün, yenidən hiddətləniblər. Emil Səlimov, Oqtay Gülalıyev və başqa bir neçə nəfəri DİN İnsan Alverinə qarşı mübarizə baş idarəsinə çağırıblar”, Fatimə Mövlamlı facebook səhifəsində yazıb.
Mövlamlı bundan öncəki statuslarında ondan bir neçə fəalın, o cümlədən Emil Səlimovun əleyhinə ifadə almağa çalışdıqlarını yazıb.
Hüquq mühafizə orqanları Fatimə Mövlamlının saxlanılmasının və fəalların polisə çağırılmasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib./amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?