Azərbaycanın Naxçıvan Muxtar Respublikasının gömrükçüləri 108 kiloqram heroin aşkar edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, narkotik maddə qaçaqmalçılığı faktı Naxçıvanın İranla sərhəddə yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.
Narkotik maddə Türkiyə vətəndaşı Davut Korkmazın idarə etdiyi yük maşınında aşkar edilib. Heroin maşının qoşqusunun döşəmə hissəsindəki gizli saxlancda yerləşdirilib.
Gömrükçülər baxış həyata keçirərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kiloqram olan heroin aşkar edərək götürüblər.
Narkotik maddə yüklənmiş avtonəqliyat vasitəsi Naxçıvan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedirmiş.
Faktla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?