[b]Səbail Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, general-mayor Mövlan Şıxəliyevə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb. [/b] Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Şıxəliyev və onun vəkili, həmçinin Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.
Hakim bildirib ki, cavabdelərə bildiriliş göndərilib lakin onlar məhkəməyə gəlməyib.
Daha sonra M.Mustafayev vəsatətlə çıxış edib. O, cavabdeh M.Şıxəliyev in 17 sentyabr 2014-cü ildə saat neçədə MTN-in inzibati binasını tərk etməsi barədə DTX-ya sorğu göndərilməsini istəyib: "Həmin gün bacımın evində axtarış başa çatdıqdan sonra MTN əməkdaşları nazirliyin inzibati binasına gəlib, onlar axtarışın nəticəsi barədə Mövlan Şıxəliyevə məruzə edib. Mövlan Şıxəliyev də saat 23:00-dan sonra Səbail Rayon Məhkəməsinin sədrinə, baş prokurorun müavininə məktub göndərib. Bu da heç inandırıcı deyil. Çünki həmin vaxt o, işdə olmayıb".
M.Mustafayev qeyd edib ki, heç bir əsas olmadan 21 ay həbsdə saxlanılıb: "Eldar Mahmudov 2015-ci ildə nazir vəzifəsindən azad edildikdən sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşəm. İndi də Mövlan Şıxəliyevin vəkili də deyir ki, müvəkkili həmin vaxt ölkə xaricində olub, guya ona böhtan atıram. Əgər elədirsə, bəs həbs edildiyim vaxt rəsmi sənədə kim qol çəkib? Xahiş edirəm ki, Mövlan Şıxəliyevin özü məhkəməyə gəlsin, ona suallarım var".
Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.
Xatırladaq ki, "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, general-mayor Mövlan Şıxəliyev məhkəməyə verib.
Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir. M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.
E.Mahmudova qarşı iddia ərizəsi üzrə məhkəməyə Yasamal Rayon Məhkəməsində baxılır.
Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.
Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?