Təhsil Nazirliyinin Abşeron-Ceyranbatan Peşə Liseyinin sabiq direktoru Əliyar Allahverdiyev və liseyin mühasibi Xəqani Məmmədovun barəsində cinayət işi başlanıb.
Ə. Allahverdiyev və X. Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Əliyar Allahverdiyev Abşeron-Ceyranbatan Peşə Liseyinin direktoru vəzifəsində işləyərkən həmin liseyin baş mühasibi Xəqani Məmmədov ilə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib. Əliyar Allahverdiyev həmin liseyin pedaqoji işçilərinə və istehsalat təlimi ustalarının əməkhaqqı cədvəlinin hesablanması və verilməsi barədə 2013-2017-ci illər üzrə liseyin nümunəvi ştat, tədris saatları və pedaqoji işçilərin, həmçinin istehsalat təlim ustalarının əməkhaqqı cədvəlini liseyin direktoru kimi imzalayıb. O, həmin məbləğlərdə pulları işçilərə əməkhaqqı şəkilində qanunsuz verilməsini təmin edib, Təhsil Nazirliyinin əmlakını israf etmə yolu ilə talayıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində istintaq araşdırmalar davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?