Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov 28 may yürüşündən sonra təzyiqlərlə bağlı münasibət bildirib. Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məmmədovun münasibəti iyunun 1-də partiyanın facebook səhifəsində yayılıb. O hesab edir ki, partiya fəallarına qarşı təzyiqlər uğursuzluqla nəticələnəcək.
REAL Partiyasının sədri yazır:
“Cümhuriyyəçilərimizin mayın 28-də İstiqlal küçəsindən başlayaraq keçirdikləri yürüş bu günkü Azərbaycan cümhuriyyətinin fəxridir.
Dinc, bütün sivil normalara və etik qaydalara uyğun olaraq keçirilən bayram yürüşündən sonra bir neçə cümhuriyyətçimizə qarşı həbs tədbiri hakimiyyətin mənəvi olaraq bizdən nə qədər zəif olduğunu göstərir. Həbslərin yürüş günü deyil, bir gün sonra həyata keçirilməsi onu göstərir ki, əslində dinc toplaşmaq məsələsində problem heç də polisin davranışı deyil. Polis tamamilə normal şəkildə bu prosesi tənzimləmişdi, sadəcə olaraq İlham Əliyev bu bayram tədbirinin miqyasını və ruhunu görəndən sonra hüquq-mühafizə orqanlarına orada iştirak edən insanların cəzalandıırlmasını tapşırıb. Bu bir daha göstərir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyət birbaşa polisdən qaynaqlanmır, bu İlham Əliyevin siyasi paxıllığından irəli gəlir.
Cümhuriyyətçilərə yönəlik bütün təzyiqlər uğursuzluğa düçar olacaq!”, o qeyd edib.
REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra 4 fəal inzibati qaydada həbs edilib. Onlarınn hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunur.
Partiyanın əllidən çox fəalı isə polisə dəvət edilərək xəbərdarlıq edildikdən sonra azad buraxılıb.
Rəsmi qurumlar REAL Partiyasının fəallarının həbsi və xəbərdarlqı edilməsi ilə bağlı açılama verməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?