Görüş İ.Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində baş tutub
Aprelin 28-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolai hazırda həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb. Görüş İ.Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.
Bu barədə partiyadan açıqlama yayılıb.
"Görüşlə bağlı İ.Məmmədov onlara bunu deyib: Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi", partiyanın məlumatında İlqar Məmmədova istinadən bildirilir.
Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi N.Nikolai ötən həftə Azərbaycanda bir sıra rəsmilərlə görüşüb.
O, aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla bir araya gəlib. Görüşlərdə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri müzakirə edilib.
Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.
Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
Bundan sonra, AİHM-in AŞNK-a, Azərbaycan hökumətinə və həbsdə olan İ.Məmmədova məktub göndərdiyi açıqlanıb. Onda məsələ ilə bağlı tərəflərə bu il martın 1-nə kimi öz yekun rəylərini çatdırmaqdan ötrü vaxt verildiyi bildirilirdi./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?