Həbsdə ola-ola quldur dəstəsi yaratmaqda təqsirləndirilən kriminal aləmdə "Krıtı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barələrindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Araz Fərəcov son söz deyib.
O bildirib ki, heç kimə tapşırıq verməyib.
Digər təqsirləndirilən şəxslər də son sözlə çıxış ediblər.
Hakimlər kollegiyasının hökmünə əsasən, Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renat Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Elməddin Şahbazov 10 il cəza alıb. Lakin E. Şahbazov başqa cinayət işi üzrə 16 il azadlıqdan məhrum edildiyindən iki cəza birləşdirilməklə onun barəsində 17 il müddətinə həbs qərarı seçilib.
Təqsirləndirilən Namiq Babayevə 1 il 2 ay cəza verilib, o həmin müddəti istintaq və məhkəmə dövründə çəkdiyindən azadlığa buraxılıb.
İttihama görə, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisənin cəza çəkərkən 2016-cı ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə birgə mütəşəkkil dəstə təşkil ediblər.
Dəstə üzvləri Bakıda və bölgələrdə yaşayış yerlərində oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.
2017-ci aprelin 14-də DTX-ın əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.
Araz Fərəcovla yanaşı Elməddin Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olmaqda ittiham olunur. Araz Fərəcov kriminal aləmdə "Krıtı Araz" kimi tanınır./APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?