Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə M.Məmmədova özünü qismən təqsirli bildiyini deyib. Daha sonra zərərçəkmiş qismində Əfqan Hacıyev ifadə verib. O deyib ki, oğlunu Azərbaycan Koperasiya Universitetinə düzəltmək adı ilə M.Məmmədovaya 13 min manat pul verib: "İşi düzəltmədi. Mən də polisə müraciət elədim. Uzun müddət gedib-gəldim. Sonra dəymiş ziyanım ödənildi". Ə.Hacıyev bildirib ki, M.Məmmədova özünü ona Təhsil Nazirliyinin işçisi kimi tanıdıb. M.Məmmədova zərərçəkmişin düzgün danışmadığını deyib: "Əslində mən ona bildirim ki, bu iş alınmayacaq. Sonra pulu geri qaytardım". Ə.Hacıyev M.Məmmədovdan şikayəti və tələbinin olmadığını qeyd edib. Digər zərərçəkmiş Sevinc Əliyeva dindirilən zaman söyləyib ki, Ələkbər Abbasovun vasitəsi ilə M.Məmmədovaya 10 min dollar və 40 min manat pul verib: "Oğlum həbs edilmişdi. Bunlar da oğlumun cinayət işinə xitam veriləcəyi vədi verdilər. Lakin sonralar vədə əməl etmədilər". O bildirib ki, oğlu Türkan Hacıəliyava adlı qadının şikayəti əsasında həbs edilib: "Mən Məlahəti tanımırdım. Bizi Ələkbər tanış etdi. Ələkbər də qardaşımla birgə hüquq-mühafizə orqanlarında çalışırdı. Ələkbər məni onun evinə apardı. Pulu Məlahətə Ələkbərin yanında verdim. Hətta Məlahətin qızı da evdə idi". Zərərçəkmiş qeyd edib ki, həmin pullardan yalnız 12 min manatı geri qaytarılıb. M.Məmmədova zərərçəkmişin ifadəsinə münasibət bildirmək istəməyib. O, özünü yaxşı hiss etmədiyini, zərərçəkmiş S.Əliyevaya 12 min manat pul geri qaytardığını təsdiqləyib. Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib. Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi üzər Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib. O, bu işə görə, K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib. M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir. Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?