Pul qazanmaq adı ilə iki qadına qarşı dələduzluq edən şəxsin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Cahid İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib.
C.İsayev həmin şəxslərə yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib.
Bu məqsədlə də qadınlar həmin işin görülməsi müqabilində ona, ümumilikdə, 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyərək onları aldadıb.
Zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib.
Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Məhkəmədə elan olunmuş ittiham üzrə Cahid İsayev özünü təqsirli bilmədiyini deyib.
Məhkəmədə zərərçəkmiş Mehriban Məmmədova ifadə verib. O söyləyib ki, C.İsayevi 2012-ci ildən tanıyır.
Zərərçəkmiş qeyd edib ki, 2000-ci ildən Bakıda uşaq xəstəxanalarının birində həkim işləyir.
"Məni aldatdı. İnandırdı ki, tibbi ləvazimatların alınması ilə bağlı pul versəm, yaxşı qazanc əldə edəcəyik. Guya dərmanları depolardan alıb, apteklərə satacaqdı. Hələ söhbət əsnasında bildirdi ki, özünün də şirkəti var. Ümumilikdə Cahid İsayevə 22 min manat pul vermişəm. Həmin pulun qarşılığında isə 1 ildən sonra artıq pul verəcəyi vədini verdi. Lakin sonradan məni aldatdı. Soruşanda deyirdi ki, işlər gedir. Bir sözlə, ona inanıb, aldandım"- deyən zərərçəkmiş ziyanın ödənilməsini tələb edib.
Amma Cahid İsayev zərərçəkmişin yalan danışdığını söyləyib və bildirib ki, M.Məmmədovadan pulu birlikdə biznes qurmaq adı ilə alıb.
O söyləyib ki, Türkiyədən dərmanı 6 manat 50 qəpiyə alıb. Daha sonra isə Səhiyyə Nazirliyindən həmin dərmanın sertfikatını alıb.
"Bakıda o dərmanı 23 manat 50 qəpiyə satırdım. Sonralar dərmanı sata bilmədim. Bu barədə də Mehriban Məmmədovaya məlumat verdim. Ondan 22 min pul almışam. Qazancı isə yarı böləcəkdik. Ümumilikdə ona 500 manat pul verdim. Dərman satılmadı deyə Mehriban xanımın pulunu qaytara bilmədim. Hazırda həmin dərmanlar depodadır"- deyən təqsirləndirilən şəxs ali təhsilinin olmadığını da qeyd edib.
C.İsayev müddət "Azərfarm" MMC. dərman şirkətində satış meneceri vəzifəsində çalışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?