Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü, həbsdə olan Fuad Əhmədlinin şikayətini təmin etməyib.
gundemxeber.az bildirir ki, şikayət birinci instansiya məhkəməsinin həbs müddətinin üçdə bir hissəsinin çəkilməsi ilə əlaqədar cəzanın yumşaldılması və məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətin təmin edilməməsi barədə qərarındandır.
Fuad Əhmədli 2016-ci ilin avqustunda "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs olunub. Prosesdə Əhmədlini dövlət vəkili müdafiə edib. Əvvəlki vəkil Əsabəli Mustafayev 1 il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılıb.
İyulun 20-də Suraxanı rayon Məhkəməsi Əhmədlinin cəzasının üçdə bir hissəsini çəkməsilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətini təmin etməyib.
Fuad Əhmədli 2016-ci ilin avqustunda "əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun normalarının pozulması", əsasən "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.
2017-ci il iyunun 16-da Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli "siyasi məhbus" kimi tanınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?