Bu ilin noyabrın 20-29 tarixlərində Ukraynanın paytaxtı Kiyevdə ezamiyyət vaxtı təqibə və silahlı hədəyə məruz qalan “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun işi ilə bağlı artıq bir sıra detallar məlum olub.
“Report”un Kiyev bürosunun hadisə ilə bağlı cinayət işini aparan Peçerskiy rayon polisindən əldə etdiyi məlumata görə, azərbaycanlı jurnalisti təqib edən AA6164BI dövlət nömrə nişanlı "Şkoda" markalı avtomobil qeydiyyatsız, saxta fəaliyyət göstərib. Nömrə 2003-cü ildən istifadəsi dayanmış “QAZEL” markalı yük avtomobilinə aid olduğu müəyyənləşib.
Araşdırma nəticəsində məlum olub ki, noyabrın 20-dən jurnalisti Kiyevdə izləyən “Şkoda”nı idarə edənlər həmin saxta nömrəni mütəmadi deyil, müxtəlif günlərdə və müxtəlif tarixlərdə avtomobilin üzərinə taxaraq Kiyevdə hərəkət ediblər. O da məlum olub ki, avtomobil bu saxta nömrə ilə Kiyevdə fəaliyyət göstərən daha bir neçə məsul azərbaycanlını təqib edib. Eyni zamanda o da məlum olub ki, avtomobili idarə edənlər Kiyevdə başqa bir məsul azərbaycanlı ilə təmasda olub.
İş ilə bağlı digər məlum detal odur ki, jurnalistin Kiyevdə qarşısını kəsərək silahla təhdid edən avtomobil ümumiyyətlə vilayət qeydiyyatından deyil, kənardan gəlib. Hazırda avtomobillə bağlı axtarış elan olunub.
Polisdən o da məlum olub ki, iş ilə bağlı aparılan istintaqa kənar maneələr var, işin açılmasının qarşısını almaq istəyirlər. Hazırda jurnalistin işi ilə bağlı hüquqi yardımı artıq 5 ildir ölkədə azərbaycanlılara hüquqi dəstək üçün fəaliyyət göstərən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Hüquqi yardım klinikası həyata keçirir.
Qeyd edək ki, M. Aslanov Kiyevdə ezamiyyət vaxtı noyabrın 20-də, yerli vaxtla saat 19:30-da "Şota Rustaveli" 4 ünvanında qaldığı yerə yaxın kafelərin birindən çıxarkən AA6164BI dövlət nömrə nişanlı, "Şkoda" markalı avtomobildən naməlum şəxslər tərəfindən nümayişkəranə formada izlənərək fotosu çəkilib, jurnalist avtomobilə yaxınlaşmaq istəyərkən ona tərəf silah tuşlanıb. Avtomobildə 2 kişi, 1 qadın olub. Noyabrın 23-ü gecəyə doğru isə yaşadığı yerə qayıdarkən "Bassseyn" küçəsi ilə "Şota Rustaveli" küçəsinin kəsişməsində yenə - bu dəfə üz-üzə namlum şəxs tərəfindən qarşısı kəsilərək fotoları çəkilib. Naməlum şəxs ondan kim olması ilə bağlı suallara cavab verməyərək hadisə yerindən qaçaraq uzaqlaşıb. Noyabrın 26-sı səhər saat 10:00-da isə həmin əraziyə yaxın, "Espaladnaya" küçəsi 20 ünvanında səki ilə gedərkən yolunun üstündə dayanan CİP markalı avtomobilin qəflətən arxa qapısı açılıb, naməlum şəxs əlindəki avtomatı M.Aslanova tuşlayaraq barmağı ilə "sus!" işarəsi verib. Jurnalist ondan "Siz kimsiniz? Nə istəyirsiniz?" sualı verərək yaxınlaşan zaman şəxs qapını bağlayıb. M.Aslanov avtomobilə yaxınlaşaraq qapını açmaq istəyəndə kənarda hündürboy, eynəkli bir şəxs onun qolundan tutaraq "Sizə dedilər axı, susun!" deyərək onu kənara itələyib və həmin avtomobilə əyləşərək oradan uzaqlaşıb. Hadisə ilə bağlı dərhal Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər "Peçerskiy" rayon polisinə müraciət olunub, Ukrayna Cinayət Məcəlləsinin 129-cu (Ölümlə hədələmə) maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalist Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsinə müraciət edib. Nümayəndə şahin Qocayev vəziyyətlə yaxından maraqlanıb.
Azərbaycan Mətbuat Şurası isə hadisə ilə bağlı Baş prokuror Zakir Qaralova və Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkoya rəsmi müraciət ünvanlayıb. Hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin adına ərizə ilə müraciət olunmasına baxmayaraq indiyə qədər diplomatik nümayəndəlikdən heç bir reaksiya yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?