Moskvada VAZ 2107 qaçıran, polislə tarana gedən və 30 maşını əzən azərbaycanlı İntiqam Əliyevdir.
Gundemxeber.Az Virtualaz.org-a istinadla xəbər verir ki, həmin avtomobilin sahibi də azərbaycanlıdır, İlqar Bayramovdur.
İlqar Bayramov deyib ki, onun maşınını qaçıran şəxsi tanımır, əvvəllər heç vaxt görməyib. “Mənə onun fotosunu göstərdilər, amma mən onu tanımıram, heç vaxt görməmişəm. Maşını Qərbi Biryulevo rayonunda, Medınski küçəsində, mağazanın qarşısındakı meydançada saxlamışdım. Mən orada yaxınlıqda yaşayıram. Qapısının qıfılı xarabdır, gah bağlanır, gah yox. Açarlər özümdə idi, o maşını necə xoda salıb, bilmirəm. Səhər baxdım ki, maşın yoxdur. Əvvəl elə bildim evakuator aparıb, amma baxıram bütün maşınlar yerindədir, mənimki yoxdur. Sonra kameralarla maşını gördülər, dərhal polisə zəng vurdum. O, mənim yeganə maşınım idi, işə gedib-gəlirdim. İndi mən neyləyim? Mən yazıq, mən bədbəxt. Bəxtim gətirmədi. Xərclərimi güclə çıxardıram, qızım təhsil alır...”,-maşın sahibi deyib.
***
Moskvada bu gün noyabrın 23-də Azərbaycan vətəndaşı qaçırdığı VAZ 2107 markalı avtomobillə azı 30 avtomobili əzib, polislə tarana gedib, nəticədə polis ona qarşı silah işlədib.
Moskvaya qazanc dalınca getmiş azərbaycanlı qaçırdığı avtomobili sərxoş halda idarə edib.
“Jiquli”nin sahibi avtomobili küçədə saxlayaraq qapılarını bağlamayıb, hesab edib ki, bu köhnə avtomobil kiməsə gərək olmaz. Lakin azərbaycanlı fürsətdən istifadə edib avtomobili qaçırıb. Sahibi ertəsi gün avtomobilin oğurlandığını görərək polisə müraciət edib. Yol patrul müfəttişləri qaçırılan avtomobilin yerini tezliklə müəyyən ediblər və onun arxasınca düşüblər. Azərbaycanlı asanlıqla təslim olmayıb, təhlükəli manevrlər edərək polislərdən qaçmağa çalışıb və bu zaman 30-a yaxın avtomobili əzib, polis maşını ilə tarana gedib. Nəticədə onu saxlamaq üçün polislər atəş açıblar və “07”-də bir neçə dəlik açıblar. Təxminən 10 kilometrlik təqibdən sonra sürücünü saxlamaq mümkün olub, onun barəsində həbs qərarı verilib.
Avtomobili əzilən şəxslərdən birinin çəkdiyi videorolikdə “Jiquli”nin ön tərəfinin əzildiyi görünür. Rolikin müəllifi sürücünü “çurka” adlandırır və bildirir ki, o sərxoş halda 30-a yaxın avtomobilə ziyan vurub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?