Bakıda bacısını öldürməyə cəhddə ittiham olunan 1994-cü il təvəllüdlü Baba Əliyevin məhkəməsi başa çatıb.
Baba Əliyev 24 iyul 2019-cu il tarixdə Yeni Suraxanı qəsəbəsindəki Göl küçəsində nömrəsiz fərdi evdə qalan bacısı Səbinə Əliyevanın axşam vaxtı təkbaşına dənizə getməsinə etiraz edib.
Səbinə Əliyeva ona cavab qaytarıb, bundan sonra da dənizə gedəcəyini bildirib. Əsəbiləşən Baba Əliyeva bacısını öldürmək qərarına gəlib. Həmin gün saat 20 radələrində evin həyətindəki şkafın üzərindən bıçağı götürüb və Səbinə Əliyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Səbinə Əliyevanın həyatını xilas etmək mümkün olub. Baba Əliyev isə həbs olunub.
İstintaq orqanı Baba Əliyev barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Baba Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
“Mənimlə acı danışaraq telefonu söndürdü”
Baba Əliyevin ifadəsinə görə, valideynləri və iki qardaşı ilə birlikdə yaşayıb: “Bacım Samirə beş ildir ailə qurub, bir övladı var. Samirənin əri ailəsi ilə maraqlanmadığından həmişə ona kömək eləmişəm. Məndən başqa Samirə ilə nə atam, nə də qardaşlarım maraqlanıblar. Ümumiyyətlə ailə üzvlərimin hər birinə qarşı daim qayğı il yanaşmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 20 iyul 2019-cu il tarixdə Samirənin qızı Fatimənin ad günü olduğundan işdən sonra bazarlıq edib və onlara gedib: “Həmin vaxt o biri bacım Səbinəni Samirəgildə görmədim. Öz telefonum işləmədiyindən Samirənin mobil telefonundan Səbinəyə zəng etdim. Ondan harada olduğu ilə maraqlandım.
Səbinə evə getdiyini deyəndə ona “gecə vaxtı evə necə gedəcəksən, gəl Samirəgilə, mən sabah səni evinizə yola salaram”, - deyə bildirdim. Səbinə bu dəfə 101 nömrəli məktəbin yanında olduğunu söylədi. Mən məktəbin yanına gedəndə Səbinəni orada görmədim. Yenidən Samirəgilə qayıdaraq Səbinəyə zəng vurdum. Ona “niyə mənə yalan deyirsən, mən məktəbin yanına gəldim, sən orada yox idin”, - deyə irad bildirdim.
Səbinə mənimlə acı danışaraq telefonu söndürdü. Dəfələrlə zəng etməyimə baxmayaraq telefonu açmadı”.
“Biz sən söydüyün adamlarıq”
Baba Əliyevin ifadəsinə görə, az sonra yenidən Səbinəyə zəng vurub: “Səbinə telefonda “məni dəniz qırağına aparıb, döyərək orada atdılar”, - deyə bildirdi. Telefonda Səbinəni dənizə aparanları söydüm. Həmin vaxt Səbinə həmin adamların avtomobilindəymiş. Bir qədər sonra mənə zəng gəldi. Telefona cavab verən zaman zəng edən şəxs “bizi niyə söymüsən”, - deyə soruşdu. Zəng edənin kim olduğunu soruşdum, bildirdi ki, sən söydüyün adamlarıq.
Söhbəti aydınlaşdırmaq üçün məni görüşə çağırdılar. Onları əvvəllər tanımırdım. Görüşəcəyimiz yerə çatanda həmin adamlar avtomobildə idilər, onların təklifi ilə söhbəti parkda həll etmək üçün avtomobilə əyləşdik. Parkda Səbinə və Səbinənin oğlu Muradın orada olduqlarını gördüm.
Səbinədən məktəbin yanında olduğu barədə yalan danışmasının səbəbini soruşdum. Bu zaman söhbəti həll edəcəyimiz oğlanlar yaxınlaşdıqlarından Səbinədən cavab almadan onu evə göndərdim. Sonra oğlanlardan Səbinəni dəniz qırağına aparıb və döymələrinin səbəbini soruşdum.
Onlar cavabında “Səbinə bizə dedi ki, məni "kruq"dan parka aparın, biz də Səbinəni parka gətirdik, onu dəniz qırağına apararaq döyməmişik”, - deyə bildirdilər. Bununla məsələni mübahisə və dava-dalaş olmadan öz aramızda həll etdik”.
“Bıçağı parka atdım”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, üzərində özünü müdafiə etmək üçün bıçaq olsa da, ondan heç kimə, o cümlədən Səbinəyə qarşı istifadə etməyib: “Səbinə parkda mənə əsəbiləşdiyi üçün polisə şikayət etdiyi və oraya polis gəldiyindən bıçağı parkda atdım. Səbinənin parkdan çıxandan sonra polis avtomobilinə minib-minmədiyini görməmişəm”.
Baba Əliyev deyib ki, iyulun 24-də Səbinədən polisə şikayət etməsinin səbəbini soruşmaq üçün Samirəgilə gedib: “Bu vaxt Səbinənin harasa getməyə hazırlaşdığını gördüm. Ondan hara getməsi ilə maraqlandım, uşaqlarla dənizə getmək istədiyini deyəndə etiraz etdim. Səbinə də əri Mürvətlə dalaşdığından bütün əsəbini mənim üstümə tökdü. Hər zaman Səbinəyə kömək etdiyimdən sonuncunun qadına layiq olmayan hərəkətlər etməsi mənə pis təsir etdiyi, həmçinin mənim ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşdim. Evin həyətindəki şkafdan götürdüyüm bıçaqla onu vurdum.
Səbinəni bıçaqla vurarkən otaqda ikimizdən başqa heç kim olmayıb. Səbinəni bıçaqlayıb otaqdan çıxanda o, ayaq üstə idi, otaqdan çıxandan sonra Samirəyə Səbinəni bıçaqla vurduğumu dedim. Təcili tibbi yardım çağırmağı xahiş etdim.
Səbinəni öldürmək niyyətim olmayıb. Əgər belə niyyətim olsaydı, hadisə baş verən an bunu həyata keçirməyimə mane olan kimsə yox idi, daha bir neçə bıçaq zərbəsi vurmaqla Səbinəni öldürə bilərdim.
Səbinənin Əfruzla dənizə getməsinə dair məlumatım olmayıb. Bu barədə ilk dəfə məhkəmə istintaqı zamanı bilmişəm.
Səbinəni bıçaqla vurandan sonra evimizə getmişəm, valideynlərimə bu barədə məlumat vermişəm. Atam dedi ki, gözlə, qardaşın gəlib səni polisə aparsın. Səbinənin elə də ağır xəsarət almaması barədə ilk məlumatı qardaşım mənə verdi. Səbinə də daxil olmaqla ailə üzvlərimin hər biri ilə aramızda mehriban münasibət olub”.
“Mən parka gedəndə gecə saat 2 idi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Əliyeva bildirib ki, 2012-ci ildən Mürvətlə qeyri-rəsmi ər-arvad kimi yaşayıb: “2014-cü ildə oğlum Murad dünyaya gəlib. Ər-arvad kimi münasibətlərimiz normal olub. Özüm işləmirəm, Mürvət isə evlərdə təmir işləri ilə məşğul olub.
20 iyul 2020-ci il tarixdə bacım Samirənin qızı Fatimənin ad günü münasibətilə onlara getdim. Gün ərzində bacıma kömək etdim. Yeznəm Taleh İsmayılov ad gününə iş yoldaşlarını da dəvət etdiyindən oğlum Muradı da götürərək parka yollandım. Parka gedəndə gecə saat 2 radələri idi. Qardaşım Baba parka gəldi və gecə vaxtı parkda nə etdiyimi soruşaraq evə getməyimi tələb etdi.
Bu zaman mübahisə etdik, polisə zəng vurdum. Bundan bir neçə gün sonra ərim Murvətlə aramızda ailə söz-söhbəti üstündə mübahisə olduğuna görə ondan küsdüm və oğlum Muradla birlikdə Samirənin evinə getdim”.
“Dənizə getməyimə etiraz etdi”
Zərərçəkmiş deyib ki, iyulun 23-də Babanın dostu zəng edib: “Həmin şəxs Samirə ilə mənə dənizə getməyi təklif etdi. Yalnız Samirə ilə dənizə getməyə razılaşdım. Hazırlaşanda Baba dənizə getməyimə etiraz etdi, uşağımı da götürərək evimə qayıtmağımı istədi. Bu səbəbdən həyətdə mübahisə etdik. Sonra evə keçdik, divanın qarşısında oğlumun paltarlarını səliqəyə salmağa başladım.
Bu vaxt Baba otağa girdi və divanda oturdu. Mən isə işimə davam etdim. Baba mənə yenə dedi ki, dənizə getməyəcəksən, oğlunu da götür, evinə qayıt. Buna görə aramızda yenidən mübahisə yarandı. Babaya cavab qaytardım və bir də işlərimə qarışmamasını tələb etdim. Bu sözlərindən sonra Baba divandan qalxdı və çölə çıxdı. Bir neçə saniyədən sonra içəri girdi, əlindəki bıçaqla mənə üç-dörd zərbə vurdu.
Babanın bıçağı haradan götürdüyünü görməmişəm. Məni bıçaqla vuranda otaqda ikimizdən başqa heç kim olmayıb. Həmin vaxt Samirə uşaqların paltarlarını hazırlayırdı, uşaqlar isə həyətdə oynayırdılar. Buna görə də Babanın məni bıçaqla vurmasını heç kim görməyib”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Baba Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?