Bakıda qadın 2019-cu ildə evindən oğurlanan qızıl və brilyantlarını "Elya” "Instagram” sosial şəbəkəsində taparaq, cinayətin üstünü aça bilib.
Gundemxeber.az-in qaynarinfo-ya istinadla məlumatına görə, hadisəyə görə Anar adlı şəxs saxlanılaraq həbs olunub. Eyni zamanda əşyaların oğurluq olduğunu bilə-bilə satın alan Pənah adlı qızıl alverçisinin də məhkəmə işi yekulaşıb.
Rəhimova Kifayət Əlibala qızının 2019-cu il 11 sentyabr tarixdə yaşadığı mənzilindən 56.100 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurlanan qızıl-zinət əşyalarının siyahısı:
* 13000 manat dəyərində ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyarlı, boyunbağı və qolbaq dəsti
* 6500 manat dəyərində sarı-qara rəngli qızıldan hazırlanmış Roberto-Bravo markalı, 585 əyarlı, sırğa, üzük və boyunbağı
* 3500 manat dəyərində sarı rəngli qızıldan hazırlanmış 925 əyyarlı boyunbağı
* 10000 manat dəyərində ağ-sarı rəngli qızıldan hazırlanmış birilyant qaşlı, 750 əyarlı, badamı şəkilli üzük və sırğa
* 12000 manat dəyərində yaşıl rəngli qızıldan hazırlanmış brilyant qaşlı, 750 əyarlı, oval şəkilli üzük və sırğa
* 3000 manat dəyərində ağ rəngli qızıldan hazırlanmış brilyant qaşlı, 750 əyarlı dairəvi şəkilli sırğa
* 1800 manat dəyərində ağ rəngli qızıldan hazırlanmış, 750 əyarlı brilyant klonlu boyunbağı
* 500 manat dəyərində sarı rəngli qızıldan hazırlanmış, 750 əyarlı qızıl klonlu "Vitraj” markalı boyunbağı
* 3000 manat dəyərində səma rəngli qızıldan hazırlanmış, brilyat qaşlı, 750 əyyarlı sırğa və üzük dəsti
Kifayət Rəhimova DİN-in 102 xidmətinə hadisə barədə məlumat verib. Polislə bərabər, zərərçəkiş şəxs də evində törədilən oğurluq hadisəsini araşdırmağa başlayıb.
Kifayət Rəhimova evindən oğurluq edildikdən təxminən bir həftə sonra "Instagram” sosial şəbəkəsində "Elya” adlı səhifənin istifadəçisinin qızıl-zinət əşyaları satdığı görüb və həmin səhifəyə daxil olduqda özünə aid qızılların reklam olunduğunun şahidi olub. Bu barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə və Yasamal Rayon Prokurorluğuna məlumat verib. Səhifənin istifadəçisi Elvira ilə "Instagram”da yazışaraq, qızılları almaq istədiyini bildirib.
Bundan sonra "28 Mall” ticarət mərkəzində həmin şəxsin göndərdiyi kuryerlə görüşüb. Kuryer qızılları özü ilə gətirib. Qabaqcadan onun məlumatı əsasında həmin yerə getmiş polis əməkdaşları qızılları gətirmiş şəxsi yaxalayaraq, Yasamal RPİ-nə aparıb. Kuryer qız ifadəsində qızılları başqa şəxsdən aldığını bildirib. Lakin həmin şəxsin kim olması ona məlum olmayıb. Araşdırma zamanı oğurlanmış qızılları Pənah adlı qızıl alverçisinin satması müəyyən edilib. Elvira isə qızılların sosial şəbəkələrdə reklamı ilə məşğul olub.
Ümumilikdə 23000 manat dəyərində qızıl-zinət əşyaları geri qaytarılsa da, Kifayət Rəhimova oğurluğu törədən şəxslərdən ümumilikdə 20.893,33 manat maddi ziyan ödənilməsini tələb edib.
Oğurluğu törədən Anar məhkəmənin 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hazırda həmin cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılır.
Qızıl alış-verişi ilə məşğul olan Pənah da Kifayətə Rəhimovanın şikayəti əsasında saxlanılıb. O, Pənahdan maddi ziyanın əvəzi qismində 2.150 manat, mənəvi ziyanın əvəzi qismində 6.450 manat, ödənilmiş dövlət rüsumuna görə 41,50 manat, ümumilikdə 8.641,50 manat məbləğində təzminat tələb edib.
Məhkəmənin qərarı ilə Pənah Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq işə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından dərhal azadlığa buraxılıb.
Kifayət Rəhimovanın iddiası qismən təmin edilərək, Pənahdan 4 382 manat onun xeyrinə pul tutulub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?