Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı, eyni zamanda təqsirləndirilən şəxsin atası Faiq Mansurov ifadə verib.
O bildirib ki, mərhum həyat yoldaşı Solmaz Mansurova çox əsəbi olub və daima ona və övladlarına qarşı şiddət nümayiş etdirib: “İki qız və bir oğlum var. Həyat yoldaşım çox əsəbi olub. Övladlarıma və mənə təhqiredici ifadələr işlədirdi. Hadisə olan vaxt işdə idim, qızım zəng edərək dedi. Mən təcili yardım və polisə məlumat verdim. Hadisə olanda oğlumun 15 yaşı var idi. Övladlarım da söyləyirdi ki, analarından ayrılım. Lakin mən elin qınağından ehtiyat edirdim. Hətta Solmaz bir dəfə mənim də üstümə bıçaq çəkib, amma bununla bağlı polisə şikayət etməmişəm. Qızlarımı oxlovla döyürdü və bıçaqla üstünə cumurdu. Məhz bu şiddətlərə görə övladlarım ona yaxın getmirdi”.
Daha sonra şahid qismində təqsirləndirilən şəxsin bacısı Nigar Mansurova dindirilib. O, da mərhum anasının çox əsəbi olduğunu söyləyib: "Anam çalışan qadın olub, səhər işə gedib, axşam gəlirdi. 10 yaşımdan bütün ev işlərini mən görmüşəm. Bizimlə də münaqişə olanda yola verirdim. Amma Ziya ilə münaqişəsi şiddətli olurdu. Anam bir neçə dəfə bıçaqla üstümüzə hücum etmişdi. Hadisə günü qardaşımla anam digər otaqda dalaşırdılar, qapı da bağlı idi. Və birdən səs kəsildi. Otağın qapısını açanda anamın öldüyünü gördüm. Qardaşımdan anamızı niyə öldürdüyünü soruşduqda, onun əziyyətlərindən bezdiyini dedi".
Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Ziya Mansurov anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı müəyyən şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Z.Mansurov cinayəti törədən zaman məktəbli olub./report.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?