Xaçmaz rayonunda 1982-ci il təvəllüdlü Sərxan 1986-cı il təvəllüdlü qohumu Mərdanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Sərxan arvadı Samirə ilə uzaq qohumu Mərdanın yaxın sevgi münasibətlərinin olması səbəbindən qısqanclıq zəminində onu öldürmək qərarına gəlib.
O, 8 yanvar 2022-ci ildə saat 21 radələrində Mərdanı Xaçmaz rayonunun kəndi ərazisindəki mağazanın qarşısında görüb. Niyyətini bir daha qətiləşdirərək qaça-qaça evinə gedib, istifadəsində olan yivsiz odlu ov silahını götürüb. Daha sonra Mərdanın qarşısına çıxıb, tüfəngin lüləsini ona tuşlayıb. Mərdan da ona doğru hərəkət edib, silahın lüləsindən tutaraq mane olmağa çalışıb.
Sərxan tətiyə basaraq bir dəfə atəş açıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Mərdanın həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
“İtləri qorxutmaq üçün istifadə edirdim”
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun icraatında araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Mərdan onun əmisi nəvəsidir: “2011-ci ildə Samirə ilə ailə həyatı qurmuşam. Daha sonra Samirə ilə Mərdanın arasında yaxın münasibət olduğunu öyrəndim. Bu münasibəti kənd əhalisi də bilirmiş. Mənsə çox gec xəbər tutdum. Ona görə ki, səhər evdən çıxıb axşamadək işləyirdim. Bu məsələ ortaya çıxdıqda Mərdan kənddən getdi və uzun müddət kəndə qayıtmadı
Mərdanı vurduğum silah 16 kalibrli, təklüləli ov tüfəngidi. Onu sahədən tapmışdım. On ildir məndədir. Silahdan bağ sulamağa gedərkən itləri və başqa yırtıcı heyvanları qorxutmaq üçün istifadə edirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 8 yanvar 2022-ci ildə Mərdanı yolda görüb: “Silahı ona tərəf tutdum və onu qorxutmaq istədim. O da əli ilə silahın lüləsindən tutaraq dartdı. Qəflətən atəş açıldı və Mərdan aralandı. Mən Mərdanı qorxutmaq istəmişəm”.
“Ailədə problemimiz olmayıb”
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər müəyyən edib. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.
Həmin ifadədən məlum olur ki, təqsirləndirilən Sərxan ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, istifadəsində olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olub: “Heç bir psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olmamışam. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmişəm.
2011-ci ildə Samirə ilə ailə həyatı qurmuşam. Birgə nikahdan Ləman adlı 1 qız və Telman adlı 1 oğul övladımız dünyaya gəlib.
Ləmanın 9 yaşı, Telmanın isə 6 yaşı var. Samirə ilə ailə həyatı qurduqdan sonra onunla münasibətlərimiz normal olub. Aramızda heç bir problem yaşanmayıb”.
“Ailəm dağıldı, tək yaşadım”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2021-ci ilin iyul ayında atasının əmisi nəvəsi olan Mərdanın həyat yoldaşı Səbinə ona zəng edib və Mərdanın Samirə ilə yaxın münasibətdə olduğunu, Mərdanın mobil telefonunda Samirənin şəkillərinin saxlandığını bildirib: “Bu xəbəri eşidən kimi Samirəni götürüb Mərdangilə getdim. Amma həmin vaxt Mərdanı evdə tapmadım.
Sabinənin telefonda mənə bildirdiyi sözləri bir daha həyat yoldaşım Samirənin üzünə dedi. Samirə bu sözləri eşidəndə heç bir şey reaksiya vermədən başını aşağı saldı, susmağa başladı. Samirə ilə Mərdanın arasında yaxın münasibətin olduğuna tam əmin oldum. Samirəni və uşaqlarımı götürərək qaynanam Xumargilə apardım. Qaynanamgilə Samirənin hərəkətləri barədə məlumat verdim.
Həmin vaxtdan Xaçmaz rayonunun kəndindəki evimdə tək yaşamışam, ailəm dağlıb. Lakin Samirə ilə rəsmi qaydada boşanmamışam. Bu məsələlər ortaya çıxdığı vaxtdan Mərdanı yaşadığımız kənddə görməmişəm. O, kənddən çıxıb getdi, bir daha geri qayıtmadı.
Mərdanı gördüyüm yerdə qorxudaraq mənə qarşı yol verdiyi səhvə görə başa salmaq qərarına gəldim. Bu hadisə kənd camaatı arasında məni çox rüsvay etdi. Çünki bu, bir namus məsələsidir, qohumum olmasına baxmayaraq Mərdan qeyrətimə əl uzadıb, mənim arvadım ilə yaxın münasibətdə olub”.
“Mənə elə baxdı ki...”
Sərxan qeyd edib ki, 2021-ci ilin dekabrın ortalarında Mərdanın kəndə ailəsinin yanına qayıtdığını eşidib: “Hadisə günü saat 16 radələrində evdə spirtli içki içmək qərarına gəldim. Mağazadan aldığım yarımlitrlik arğın hamısınıq, 3-4 stəkan viski işdim. Daha sonra evdən çıxıb kəndin ərazisində yerləşən kafeyə gəldim. Orada da 1 bakal pivə içdim.
Kafedən çıxanda yaxındakı ərzaq mağazasından da Mərdanın çıxdığını gördüm. Saat təxminən 20-21 radələri olardı.
Mərdan məni görəndə saymazyana baxışlarla süzməyə başladı. Baxışlarından onun mənə alçaq, lazımsız bir insan kimi baxdığını hiss etdim. Həmin an evdə saxladığım təklülə ov tüfəngi ilə Mərdanı qorxutmaq qərarına gəldim. Buna görə də qaça-qaça kəndin digər yolu ilə yaşadığım evə getdim. Ov tüfəngini və iki patronu götürərək sürətlə geriyə qayıtdım.
Yolda gələ-gələ patronlardan birini tüfəngin içərisinə qoydum və silahı hazır vəziyyətə gətirdim. Mərdanın mağazadan çıxaraq evə getdiyini düşündüm. Elə də oldu. Kəndin içərisində, Mərdangilin evinin yaxınlığında onu qabaqladım. Mərdan mənimlə üzbəüz istiqamətdə yanındakı Mahirlə bir yerdə böyür-böyürə gəldi. Məni qarşısında görən kimi üstümə hücum çəkdi, silahın lüləsindən tutdu, mənimlə dartışmağa başladı. Bu vaxt özümdən asılı olmayaraq əlim silahın tətiyinə dəydi, atəş açıldı. Mərdan yaralandı.
O da mənim gözaltı nahiyəmdən bir yumruq zərbəsi vurdu, məni yerə yıxdı. Oraya çoxlu adam toplaşdı və ara qarışdı.
Mərdan məni yumruqla vuranda kimsə tutduğundan ona müqavimət göstərə bilmədim. Kimsə silahı əlimdən aldı. Daha sonra qaçaraq kənd sakini olan tanışımın yanına getdim. Ona baş verənlər barədə məlumat verdim və ailəmə heç bir xəbər çatdırılmamasını xahiş etdim. Tanışımla bir yerdə Xaçmaz rayon polis şöbəsinə könüllü gələrək təslim oldum”.
“Yaxın münasibətim olmayıb”
İş üzrə zərərçəkmiş Mərdanın sözlərinə görə, təqsirləndirilən Sərxanın həyat yoldaşı Samirə ilə yaxın münasibəti olmayıb: “Samirə özü mənimlə yaxın münasibət yaratmaq istəyib. Anama və həyat yoldaşıma bu barədə bildirmişəm. Hətta onlar da Samirəyə belə etməməyi məsləhət görüblər. Aramızda sadəcə SMS yazışmaları olub.
Hadisə günü axşam saatlarında mağazaya siqaret almağa getdim. Yaşadığım evdən 2-3 məhəllə aralıda Sərxan qarşıma çıxdı. Əlində ov tüfəngi vardı. Aramızda münaqişə yarandı. Silahı mənə tərəf tuşladı. Mən də silahın lüləsindən tutdum. Silahı dartan zaman atəş açıldı. Mən də Sərxana zərbə endirdim.
Hazırda təqsirləndirilən şəxsdən şikayətim yoxdur. Onunla barışmışam”.
İş üzrə şahid qismində ifadə verən Samirənin sözlərinə görə, Sərxanla bir yerdə yaşadığı vaxt onunla həmişə yola gedib: “Bir pis xüsusiyyəti spirtli içki qəbul etməsi və çox qısqanc olması idi.
İçkili olanda əsəbləşib mənə əl qaldırırdı, şiddət göstərib. Ancaq uşaqlarımın atası olduğuna, həmçinin onu istədiyim üçün heç bir vaxt hüquq mühafizə orqanlarına şikayət etməmişəm. Hazırda da Sərxandan heç bir şikayətim yoxdur. Ailəmin dağılmasının səbəbkarlarından biri də qayınatamdır. Qayınatam hər ağzına gələni danışır, söz-söhbət yaradaraq Sərxanı məndən soyudurdu.
Zərərçəkmiş Mərdan qayınatamın əmisi nəvəsidir. Ondan xoşum gəlib, müxtəlif vaxtlarda telefonla danışıb mesajlaşmışıq. Ancaq aramızda heç bir vaxt intim münasibət olmayıb. Kənar yerdə təklikdə gizlin görüşməmişik”.
“Əsl sevgi axtarmağa başladım”
Samirə qeyd edib ki, Mərdanla münasibət qurmağına səbəbkar məhz əri olub: “Çünki Sərxan davranışı ilə məni özündən soyudub, həyatdan küsdürüb. Ona görə də əsl sevgini Mərdanda axtarmağa başladım, onunla münasibət qurdum. Səbinə isə Mərdanın həyat yoldaşıdır. Onlar həmişə mənim yaşadığım evə gəlib-gediblər. Biz də ailəlikcə bir neçə dəfə onlara qonaq getmişik.
Mərdanın həyat yoldaşı Səbinə ilə yola getməmişəm. Xasiyyətimiz uyğunlaşmadığından biri-birimizdən xoşumiz gəlmirdi. Buna baxmayaraq qohum olduğumuzdan qonaq gedib-gələndə bu məsələni çox böyütməmişik, heç kimə büruzə verməmişik”.
“Heç bir şey deməyərək susdu”
Şahid qeyd edib ki, 2021 -ci ilin iyun ayının sonlarında, axşam saatlarında evdə ailəsi ilə bir yerdə olarkən qaynı Məhərrəm Sərxana zəng edib və onu yanına çağırıb: “Öncə Sərxan bizi tək qoyub getmək istəməsə də, Məhərrəmin israrı nəticəsində onunla görüşmək üçün evdən getdi. Bir müddət sonra mobil telefon nömrəmə zəng etdi, mənim Mərdanla yaxın münasibətim olub-olmadığını soruşdu, belə bir şey olduğu təqdirdə dərhal evdən getməyimi tələb etdi.
Ancaq o deyənləri inkar edərək heç bir yerə getməyəcəyimi, evdə onu gözlədiyimi dedim. Bir müddət sonra Sərxan evə gəldi və biz danışdıq. Bu söz-söhbəti Səbinənin ortaya atdığını, mənim Mərdanla yaxın münasibətdə olduğumu Sərxana bildirdiyini öyrəndim.
Həmin gecə Sərxan Mərdangilə gedəndə onun arxasıyca yollandım. Səbinə və Mərdanın anası da evdə idi. Orada yayılan söz-söhbət barədə danışıldı, Səbinə isə heç bir şey deməyərək susdu. Sərxanın haqqımdakı şübhələri tam aradan qalxdıqdan sonra birlikdə evə qayıtdıq. Hər şey normal qaydaya düşdü.
Sərxan mənə həmin gecə əvvəlki kimi yaxşı münasibət bəsləməyə başladı. Lakin səhəri gün tamamilə çöndü, mənə əl qaldırdı, evdəki bütün qab-qacağı sındırdı”.
“Sənədləri əldə etdikdən sonra sevindi”
Samirənin sözlərinə görə, daha sonra Sərxanın etdiklərinə dözə bilməyib və mobil telefonunu ona verib, uşaqlarını də götürərək anasının evinə gedib:
“Sərxanın telefonla aparılan danışıqları çıxarması, Mərdanla heç bir münasibətimin olmamasına inandırmaq üçün telefonu ona verdim. Sərxan da həmin gün mobil operatora getdi. Lakin nömrə mənim adıma qeydiyyatda olduğundan danışıqları çıxara bilmədi.
Sərxan mənə zəng edərək danışıqları çıxara bilmədiyini və mənim oraya gəlməli olduğumu dedi. Mən də ora getdim, bir neçə sənədə imza atdıqdan sonra nömrə ilə aparılan danışıqlar çıxarıldı. Bundan sonra Sərxan mənim Mərdanla aramızda heç bir şey olmadığına tam əmin oldu. Sərxan sənədləri əldə etdikdən sonra sevindi. Bu sənədlərlə kənddə yayılan söz-söhbətə son qoyacağını bildirdi.
Bundan bir neçə gün sonra Sərxan yenidən mənə zəng edərək yalan danışdığımı, Mərdanla yaxın münasibətimin olduğunu söylədi. Dəfələrlə bu barədə ətraflı şəkildə danışmağıma baxmayaraq yenə də inanmadı. Bununla bağlı Xaçmaz rayon polis şöbəsində də araşdırma aparıldı. Mənim Mərdanla yaxın münasibətimin olması təsdiqini tapmadı.
Həmin vaxtdan Sərxanla görüşməmişəm, anamgildə uşaqlarımla bir yerdə yaşamağa başlamışam. 2022-ci ilin yanvar ayının əvvəlləri Sərxanın yaşadığımiz kəndin içərisində Mərdanə tüfənglə vurduğunu və polis tərəfindən saxlanıldığını öyrəndim”.
Məhkəmənin hökmü ilə Sərxan 9 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?