2024-cü il noyabrın 7-də paytaxtın Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi, 52 ünvanında yerləşən yataqxanada dəhşətli cinayət hadisəsi baş verib.
11 nömrəli mənzilin döşəməsində, döşək üzərində mələfə ilə örtülmüş qadın meyiti aşkar edilib. Həmin gecə 15-ci Polis Bölməsinə gələn Qubadlı rayon sakini Yelmar Atakişiyev törətdiyi əməli etiraf edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, noyabrın 7-si saat 17 radələrində Yelmar Atakişiyev yaşadığı evdə əxlaqsız həyat tərzi keçirməsindən şübhələndiyi doğma qızı Cəmalə Atakişiyeva ilə mübahisə edib. Əl çantasından ikinci mobil telefon tapdıqdan sonra qızının başqa şəxslərlə görüşüb ailəsinə xəyanət etməsini düşünüb və hiddətlənərək qisas məqsədilə onu öldürmək qərarına gəlib. Üzərinə hücum edib, bir neçə dəfə yumruqla yerə yıxdıqdan sonra ayağı ilə başına və üzünə zərbələr vurub. Qonaq otağındakı divanda əyləşib və huşsuz halda döşəmədə uzanmış qızına hər hansı köməklik göstərməyib. Məhkəmə iclasında Yelmar Atakişiyev ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2018-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə oğlu Şahmar görüşə gələndə bacısı Cəmalənin davranışlarından bezdiyini və ondan nə etməli olduğunu soruşub. O da məsələyə qarışmamağı, azadlığa çıxandan sonra bu işlə məşğul olacağını söyləyib. Azadlığa çıxdıqdan sonra o, Cəmaləni izləməyə başlayıb, qızının yaşadığı evə gedərək əri və qayınatası ilə söhbət edib. Kürəkəni ona Cəmalənin iki telefon istifadə etdiyini desə də, qızı and içərək bunun yalan olduğunu söyləyib. Hadisə günü Cəmalə özü onunla görüşmək istədiyini bildirib, Yelmar Atakişiyev də etiraz etməyib. Çay içərək söhbət etdikdən sonra Cəmalə Sumqayıta getməli olduğunu deyib. Şübhələndiyi üçün qızını özü aparmaq istəyib, amma Cəmalə razılaşmayıb. Onlar mübahisə edə-edə qonaq otağına keçiblər. Ata Cəmalənin əlindən çantasını götürüb və içərisindən ikinci telefonu tapıb. Telefonun kilidini açmasını tələb etdikdə qızı bundan imtina edib. Nəticədə Yelmar Atakişiyev qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bir qədər sonra evə oğlu, 5 dəqiqədən sonra isə arvadı gəliblər. Daha sonra əmisi oğlu Möhlət Atakişiyev ona zəng edərək Cəmalənin öldüyünü bildirib. Onunla birlikdə 15-ci bölməyə yollanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yelmar Atakişiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub. Daha ətraflı Baku TV-nin süjetində:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?