Ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı bu gün 2 yaşını sadə və dəbdəbədən uzaq şəkildə qeyd edir.
Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib. Baş menecerin sözlərinə görə, teatrın kollektivi ad gününü sadə qeyd etməyi qərara alıb:
"Əslində ƏSA Teatrı 2 yaşını daha təmtəraqlı qeyd edə bilərdi. Amma hazırda böyük bir tamaşanın məşqləri getdiyindən ad gününü qeyd etməyə vaxt yoxdur. Buna görə də teatrın kollektivi ilə ad gününü məşq prosesində sadə formada öz aramızda qeyd edəcəyik”.
Qeyd edək ki, ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən Bakıda yaradılmaqla, dünyada inklüziv incəsənət sahəsində bir ilkə imza atıldı. Belə ki, hal-hazırda təkcə Azərbaycanda və region ölkələrində deyil, dünyanın heç bir ölkəsində peşəkar teatr tamaşaları hazırlayıb böyük səhnələrdə təqdim edən inklüziv teatr yoxdur. Yalnız bir neçə ölkədə özfəaliyyət səviyyəsində olan yaradıcılıq dərnəkləri var.
ƏSA Teatrı yarandığı gündən bu günədək dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini səhnələşdirib. Teatr gənc olmasına baxmayaraq, U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin əsərləri olmaqla 5 tamaşa və 1 performans təqdim edib. Həmçinin, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. Teatr bu günədək yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.
Hazırda ƏSA Teatrı fəaliyyəti dövrünün ən böyük tamaşasını hazırlayır. Teatrın baş meneceri Nicat Qulam bildirib ki, olduqca böyük olan dünya miqyaslı bu layihə barədə ictimaiyyətə yaxın günlərdə ətraflı məlumat veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?