Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova dəfn olunub.
“Report” xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib.
14.26
Təzə Pir məscidində Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.
Mərasimdə Ombudsman Səbinə Əliyeva, incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, yaxınları iştirak edirlər.
Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılacaq.
R.Qasımovanın qızı Canana Süleymanlı jurnalistlərə açıqlamasında deyib ki, avqustun 14-də anası ilə birlikdə Bakıdan Honkonqa gediblər: “Əvvəllər Honkonqa tez-tez gələrdi. Pandemiyadan sonra gələ bilmirdi. Biz orada anamla bir ay yaxşı vaxt keçirtdik. Sentyabrın 26-sı Azərbaycana qayıtmalı idik. Onda vəziyyəti pisləşdi. Anam atamın vəfatından sonra yaşamaq istəmirdi. Son sözlərində uşaqlara bozbaş bişirməyimi tapşırdı. Oktyabrın 9-da böyrək çatışmazlığından dünyasını dəyişdi".
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə sənət dostu haqqında təəssüratlarını bölüşüb: "Mən hələ də inana bilmirəm ki, Ruhəngiz həyatda yoxdur. O, gözəl ifa edirdi. Onun 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mən elə dünən orada çəkilən şəkillərə baxıb, həmin günləri xatırlayırdım. Allah rəhmət eləsin. Onun mahnıları daim yaşayacaq".
Oğlu İlkin Süleymanov anası dünyasını dəyişəndə yanında olmadığı üçün təəssüfləndiyini bildirib: "Çox istəyərdim ki, anam dünyasını dəyişəndə əlindən tuta bilim. Heç vaxt gözləmirdim ki, o belə tez dünyasını dəyişəcək. Anamın mahnılarını eşidəndə sadəcə ağlayıram. O, möhkəm qadın idi, sadəcə olaraq şəkərli diabetdən əziyyət çəkirdi. Ölümünə səbəb isə böyrək çatışmazlığıdır. Atamdan sonra vəziyyəti yaxşı deyildi. Çox təəssüf ki, onu belə tez itirdik".
Ombudsman Səbinə Əliyeva R.Qasımovanın vəfatı ilə bağlı başsağlığı verib: "Ailəvi dost idik. Ruhəngiz xanım yumor hissi çox yüksək olan bir qadın idi. İstənilən gərgin vəziyyətdə gülməyi bacarırdı. Onun çox böyük ürəyi vardı. Evinə gələn hər bir qonağı süfrə arxasında əyləşdirərdi. Onun yoxluğu bizim üçün çox böyük bir itkidir. Bütün yaxınlarına başsağlıgı verirəm".
Xatırladaq ki, R.Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib.
Sorğu
Yeni dizaynımız necədir?