Rəbiyyət Aslanova: “Azərbaycan gənclərinin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir”. Son zamanlar Azərbaycan vətəndaşlarının Suriyaya gedərək əks cəbhələrdə döyüşməsi və Suriyada azərbaycanlıların ölüm xəbərləri gündəmdən düşmək bilmir. Bu barədə danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova Azərbaycan gənclərinin Suriyaya getməsini və orda döyüşərək ölmələrini onu hər şeydən əvvəl onu bir ana kimi narahat etdiyini bildirib: “Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər ölüm xəbəri bizi ciddi narahat edir. Bu hər şeydən əvvəl məni bir ana kimi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə döyüşərək ölməsini istəməz. Onların nəyin naminə belə öldükləri bilinmir. Hesab edirəm ki, Suriyaya döyüşmək üçün gedən gənclərimizin valideynləri onları bu yoldan daşındırmaq üçün hər şeyi etməlidirlər. Hər şeydən əvvəl övladlarını qeyri-ənənəvi dini təriqətlərdə yer almasının qarşısını almaqda valideynlər daha çox işlər görə bilərlər. Həmçinin bu sahədə təbliğat işlərinin də genişləndirilməsi və gənclərimizi yoldan çıxarıb müxtəlif vədlərlə Suriyaya yollayan şəbəkələr zərərsizləşdirilməlidir”. Bundan başqa millət vəkili bildirib ki, Suriyaya gedib orda müxtəlif qruplaşmalarda muzdlu olaraq döyüşən azərbaycanlı gənclər haqqında qanunun tələbləri ilə ölçü götürülməlidir: “Azərbaycan gənclərinin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir. İndiki vəziyyətdə Suriyada bir çox qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər daha əvvəl bu ölkəyə gedənlərdir. Gənclərimiz bilməlidirlər ki, pulla başqa ölkələrdə vuruşmaq ölkəmizin və beynəlxalq qanunların ciddi şəkildə pozulması deməkdir. Onların qanunu bilməməsi, yaxud məlumatlarının olmaması əsas rol oynayır. Bu cür gənclər başqa qüvvələrin təsiri altına düşürlər. Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib. Gənclərimiz qanunlarımızın əsas hissələrini bilməlidirlər. Gedən insanlarımızın geri qayıdacağına inanıram. Bu gənclər də geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?