Dünya ölkələri sürətlə silahlanmaqda davam edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2013-cü il üçün açıqladığı rəqəmlərə görə ötən il dünya ölkələri ümumilikdə hərbi xərclərə 1, 75 trlyon vəsait sərf edib. Açıqlanan rəqəm 2012-ci ilə nisbətən 1,9 faiz azlır. Qərb ölkələri hərbi sahədə büdcələrini azaltsalar da, dünyaya meydan oxuyan Rusiya xəsislik etməyib. Kreml administrasiyası 2013-cü ildə hərbi sahəyə 88 milyard dollar xərcləyib. Hərbi sahəyə Rusiyadan başqa daha çox vəsait sərf edən ölkələr Çin və Səudiyyə Ərəbistanı olub. Bu ölkələr xərclərə görə Böyük Britaniya, Yaponiya və Fransanı geridə qoyub. Ümumiyyətlə, 2004-cü ildən bəri hərbi xərclərini iki dəfədən çox artıran ölkələrin sayı 20-dir. ABŞ hərbi xərclərini ötən il kifayət qədər azaldıb. Mütəxəssislər bunu İraqda müharibənin başa çatması, qoşunların Əfqanıstandan çıxarılmasının nəticəsi hesab edirlər. Eyni zamanda Amerika konqresinin 2011-ci ildə büdcə xərclərinin azaldılması ilə bağlı qəbul etdiyi qanun da azalmaya təsirsiz ötüşməyib. Qərbi və Mərkəzi Avropa ölkələrini cənginə alan böhran bütün sahələrdə olduğu kimi hərbi sistemdən də yan keçməyib. Bu regiona daxil olan ölkələrin hərbi xərcləri xeyli azaltması müşahidə olunub. Avropada hərbi xərcləri ən çox azaldan ölkələr İspaniya, Hollandiya, Albaniya və Macarıstandır. Başı münaqişələrdən açılmayan Yaxın Şərq regionunda 2013-cü ildə hərbi xərclər 4 faiz artaraq 150 milyard dollar təşkil edib. Hərbi sahəyə ən çox vəsait ayıran ölkə münaqişə bölgəsi hesab olunan İraqdır. Öz qoşunlarını yenidən komplektləşdirən İraq dövləti hərbi xərclərini ümumilikdə 27 faiz artırıb. Səudiyyə Ərəbistanının hərbi xərcləri 14 faiz artıraraq 67 milyard dollara çatdırıb. Ölkənin hərbi sahəyə bu qədər vəsait yatırmasının əsas səbəbləri İranla münasibətlərin gərginləşməsi göstərilir. Həmçinin Səudiyyə Ərəbistanı regionda vüsət alan “ərəb baharı” dalğasından müdafiə olunmaq, mümkünriskləri azaltmaq üçün bu sahəyə xüsusi diqqət ayırır. Səudiyyənin sünni dünyasının liderinə çevrilməsi üçün dini qarşıdurmanın gücləndiyi Livan və Suriya kimi ölkələrdə sünni hərəkatlara dəstək verməsi də bu faktorda əhəmiyyətli rol oynayıb. Səudiyyə Ərəbistanının sünnilərə dəstəyi fonunda şiələrə arxa duran Bəhreyn də hərbi sahəyə böyük vəsait ayırıb. Cənubi Qafqaz regionunda hərbi sahəyə daha çox vəsait ayıran ölkə Azərbaycandır. Müstəqillik qazandıqdan indiyə qədər müharibə vəziyyətində olan, torpaqlarının 20 faizi işğal altında qalan bir ölkə üçün bu anlaşılandır. Ölkəmizin 2013-cü ildə hərbi sahəyə 3 milyard 440 milyon dollar xərci çıxıb. Hərbi sahəyə sərf olunan vəsaitlərin artım tempinə görə Azərbaycan dünyada liderdir. Belə ki, 2004-cü ildən indiyə qədər bu artım 493 faiz təşkil edir. Düşmən Ermənistanın hərbi sahəyə sərf etdiyi vəsait ümumilikdə 2013-cü ildə 427 milyon dollar olub. 2004-cü ildən indiyə kimi Ermənistan öz silahlı qüvvələrinə sərf etdiyi xərcləri 115 faiz artırıb. Gürcüstanın 2013-cü il üçün hərbi xərcləri 443 milyon dollar olub. Bu ölkənin hərbi xərcləri 2004-cü ildən bəri 230 faiz artıb, 2004-2013-cü illərdə ÜDM-in artımı 64 faiz təşkil edib. Mərkəzi Asiyada Qazaxıstan ötən il hərbi məqsədlərə 2 milyard 800 milyon dollar xərcləyib. Ölkənin ÜDM-i 2004-2013-cü illərdə 75 faiz artıb. Bu, Azərbaycanda olduğundan az qala üç dəfə azdır. Dünyada baş verən son böhranlı hadisələrin fonunda ölklərin silahlanmaya kifayət qədər böyük sərmayə yatırdığı görünür. Əslində soyuq təsir bağışlayan rəqəmlərin ciddiliyinə varanda hiss olunur ki, bəşəriyyətin başı üzərində hər zaman müharibə təhlükəsi dolaşır. Ölkəmizin hərbi sahəyə sərf etdiyi vəsait düşmən Ermənistandan müqayisə olunmayacaq dərəcədə artıqdır. Bu rəqəmlərin real qələbəyə dönüşməsi isə hər birimizin ən ülvi arzusudur. Nicat MAHMUDOV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?