33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK-in fəaliyyətində yer almış çeşidli qanun pozuntularına dair dəfələrlə tənqidi materiallarla çıxış etmişdik. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində də 33 saylı TSEK-in sədri Rasim Gözəlovun törətdiyi müxtəlif özbaşınalıqlara, burada yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Qeyd edək ki, ölkənin bir çox mətbuat səhifələrində Rasim Gözəlovun qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyatlı qurumlar tərəfindən bu korrupsioner məmurun əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir. Bu vəziyyətdən böyük məharətlə yararlanmaqda davam edən TSEK sədri isə rayonun səhiyyə sistemini nüfuzdan salmaqda davam edir. Mövzuya dair ötən yazılarımızda da biz artıq qeyd etmişdik ki, Sabirabad səhiyyəsinin ağır durumu ilə bağlı rayon ictimaiyyəti tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktublarının sayı getdikcə artır. Belə məlumatlardan birində oxuyuruq: “33 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə, bu TSEK-in yarıtmaz fəaliyyəti vətəndaşları cana gətirib. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Artıq ətraf rayonlarda hamı bilir ki, əlillik dərəcəsi və pensiya almaq üçün hökmən rüşvət verməlisən. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur... “Mənbələr iddia edirlər ki, hətta aşkar əlilliyi olan, məsələn, bir qolunu itirmiş vətəndaşlar belə bu vəziyyətin sənədləşdirilməsi üçün 200-300 manat rüşvət verməli olurlar. Bütün bunları nəzərə alaraq bir daha qeyd etmək istəyirik ki, nazirlik tərəfindən bu sahədə həyata keçirəcək bütün islahatlar, strukturun məhz Rasim Gözəlov kimi kadrlardan “təmizlənməsi” baş vermədən heç bir müsbət nəticəyə səbəb ola bilməyəcək. Redaksiyamıza bu xüsusda yeni daxil olan məlumatlarda isə Rasim Gözəlovun növbəti özbaşınalıqlarından bəhs olunur. Sabirabad rayon Axtaçı Muğan kənd sakini Hüseynov Əli Əliniyaz oğlu tərəfindən imzalanmış ərizədə bildirilir: “Yazıb sizə bildirirəm ki, mən Hüseynov Əli, 2008-ci ildən şəkərli diabet xəstəliyinə tutulmuşam. Hal-hazırda Sabirabad rayonunda qeydiyyatdayam. 2012-ci ildə Rasim Gözəlov tərəfindən komissiya təşkil olundu. Rasim doktor mənim sənədlərimi yoxladı və mənə bildirdi ki, sənin kimi minlərlə şəkərli diabet xəstəsi var, onda gərək onların hamısı dövlət pensiyası ilə təmin olunsun. Mən bildirdim ki, lazımı yerlərə ərizə ilə müraciət edəcəyəm. Onun mənə cavabı bu oldu ki, nə bilirsən, əlindən nə gəlir onu da elə, mənə heç kimin gücü çatan deyil. Mən onsuz da bilirəm ki, Rasim doktora heç kimin gücü çatan deyil, çünki o, özündən çox arxayındır. Ancaq biz, yəni mənim kimi imkansız, heç bir yerdə işləməyən, iki övladının biri kəllə beyin qıcolmasından əziyyət çəkən, oğluna dərman ala bilməyən bir valideyndən hansı maddı maraq ola bilər. Mən sizdən dördüncü hakimiyyət olaraq mənə lazımi kömək etməyinizi gözləyirəm.”Əfsuslar olsun ki, bizim də Rasim Gözəlov kimi məmurlarla mübarizədə malik olduğumuz yeganə imkan, aşkar olunmuş neqativ halların ictimailəşdirilməsindən ibarətdir. Bu isə göründüyü kimi heç də həmişə arzu olunan nəticələri vermir. KƏRİM
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?