Şirin Cəfərli: ““Gündəm xəbər” gündəlik fəaliyyətini dayandıraraq, həftəlik fəaliyyətə keçib, bu da maliyyə durumunun pisləşməsi ilə əlaqədardır”
“Gündəm xəbər” qəzeti yaranmış müəyyən çətinliklərlə bağlı olaraq, bir müddət ancaq həftəlik fəaliyyət göstərmək qərarına gəlib. Belə bir vəziyyətin yaranma səbəblərini öyrənmək üçün qəzetin təsisçisi Şirin Cəfərli ilə əlaqə saxladıq. Bizimlə söhbətdə o, yaranmış çətinliyin maliyyə problemi ilə əlaqəli olduğunu dedi: "Bildiyiniz kimi "Gündəm xəbər" qəzeti gündəlik fəaliyyətini dayandıraraq, həftəlik fəaliyyətə keçib. Bu da qəzetin maliyyə durumunun pisləşməsi ilə əlaqədardır. Satış prosesi hazırda o qədər də ürəkaçan deyil. Hazırda yay tətili də gəlir. Bununla bağlı olaraq, gündəlik fəaliyyəti dayandırıb, bir ay ərzində, həftəlik fəaliyyətə keçirik. Bu müddət ərzində ancaq hər həftənin cümə günü, yəni beşinci gün satışda olacağıq. Problemlə əlaqədar olaraq, qəzet əməkdaşları da mövqelərini ortaya qoyaraq, sentyabr ayına qədər təmənnasız işləməyə hazır olduqlarını bildiriblər. Təsisçi olaraq əməkdaşların bu fədakarlığını qiymətləndirirəm. Amma, buna baxmayaraq, kiməsə, çəkdiyi zəhmətə görə əmək haqqının verilməməsi mənim üçün ağır məsələdir. Həmişə kollektivin maliyyə vəsaitini, çəkdiyi zəhməti layiqincə ödədikdən sonra özümü çox yüngül hiss edirəm. Bu səbəbdən də, kollektivin təmənnasız işləmək istəyi ilə razılaşmadım. İstəmərəm ki, kimsə gördüyü zəhmətə uyğun olaraq əmək haqqısını almasın. Buna razı ola bilməzdim və beləcə qərarım üzərində dayandım. Məsələ göz önündədir. Maliyyə imkanlarımız zəifləyib. "Metroservis" ləğv olundu. Ona görə də metrostansiyalarda satış yoxdur. Əldə yayım prosesi də ləğv olunmaq üzrədir. Mövcud satış firmaları da zəif fəaliyyət göstərir. Yəni qəzetin hazırda aktiv satış məntəqələri yoxdur. Belədə qəzetin maliyyə məsələləri demək olar ki, gecikdirilir. Müqavilə ayda bir dəfə olsa da, bəzən 3 aydan bir maliyyəni çətinliklə alırıq. Amma çap mətbəəsində qəzet çap olunur. Lakin yuxarıda qeyd etdiyim səbəbdən onların pulunu da vaxtında verə bilmirik. Ancaq aylıq köçürmələr hesabına dayanmışıq. Bu da gec-gec olur, həm də satış prosesi normal deyil. Ona görə hazırda tənəzzülə gedirik, vəziyyət ürəkaçan deyil. Borclarımızı azaltmaq və bəzi şəxsi işlərlə əlaqədar olaraq, özümüzü müəyyən qədər toparlamaq üçün bir müddətə həftəlik çıxmaq qərarına gəldik. Yəqin ki, yaxın aylar ərzində yenidən gündəlik fəaliyyətimizi davam etdirərək, oxucularımızı yenidən günün aktual məsələləri ilə tanış etməkdən qürur hissi duyacağıq. İndilikdə həftədə bir dəfə çıxsaq da, dəyərli oxucularımızdan xahiş edirəm ki, qəzetimizin fəaliyyətdə qalması üçün onun alış məsələsində bir qədər aktiv olsunlar. İmkanlı oxuculardan isə xahişim budur ki, qəzetimizin hər nömrəsindən 2-3 ədəd almaqla imkansız oxucularımızın da maraqlı və qərəzsiz məlumatlarımızla tanış olmalarına yardımçı olsunlar". Ş. Cəfərli yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində atılacaq addımlardan da danışdı: "Qəzet sırf satış üzərində dayanan mətbu orqandır. Addımımız ancaq ondan ibarətdir ki, satış firmalarından çatacaq vəsaitlərimizi alıb, çap mətbəəsinə verməklə, onlara olan borcumuzu yüngülləşdirək. Bu problemin həll olunmasından sonra artıq yenidən gündəlik çıxmaqla bağlı qərar verəcəyik". Həsən İslamov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?