"Növbəti dəfə bir daha belə səhvləri etməmək üçün, mediamız Ramiz Mehdiyevin tövsiyələri üzərində ciddi dayanmalı və onların həyata keçirilməsinə çalışmalıdır”
“Azərbaycanın hər bir vətəndaşı ölkənin müharibə şəraitində yaşadığını heç vaxt unutmamalıdır”. Bunu AZADİNFORM-a açıqlamasında Mətbuat Şurasının üzvü, “APA-Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Qarabağ müharibəsi ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi hələ bitməyib, ancaq müharibənin I mərhələsi yekunlaşıb: “Biz müharibə şəraitində yaşayan ölkəyik. Avqustun əvvəlində baş vermiş hadisələr də göstərdi ki, bu, qətiyyən "dondurulmuş münaqişə" deyil, biz düşmənin informasiya, virtual və real təxribatı ilə hər an üzləşə bilirik. Həm cəbhədə, həm də informasiya məkanında bunlar baş verə bilir və baş verir”.
V. Mahirqızı deyib ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər bu ölkənin maraqlarını və strateji mənafelərini nəzərə almalıdırlar: “Əlbəttə ki, müharibə şəraitində yaşayan ölkənin KİV-ləri də müharibə şəraitində işləməyi öyrənməlidirlər. Mən iradları haqlı hesab edirəm. Hesab edirəm ki, ermənilər tərəfindən cəbhədə baş vermiş son təxribat zamanı KİV-lər kifayət qədər peşəkar işləyə bilmədilər. Söhbət, əlbəttə, köklü və tarixi olan KİV-lərdən yox, daha çox internet media resurslarından gedir. Qəzetlərimiz və televiziyalarımız daha çox bu mövzularda korrekt idilər. Onların əksəriyyəti də 1989-cu ildən bu günədək hələ I Qarabağ müharibəsi illərində çap olunublar və keçmiş müharibədən aldıqları dərs var. Mən hesab edirəm ki, son hadisələrdən də internet media resurslarının dərs alması, gələcəkdə daha peşəkar fəaliyyət göstərmələri lazımdır".
“APA-Holding” MMC-nin prezidenti deyib ki, sonuncu dəfə ermənilərin cəbhədə törətdiyi təxribatda KİV-lərin davranışı və yol verdikləri nöqsanlarla bağlı hörmətli Ramiz Mehdiyevin geniş təhlilində konkret faktlar, tənqidlər, hansı qanunların maddələrinin pozulması göstərilib: “Eyni zamanda Prezident Administrasiyasının şöbə müdirləri də çıxışlar etdilər və mediada olan boşluqları, qeyri-peşəkarlıqları göstərdilər. Mən hesab edirəm ki, biz də Mətbuat Şurasının üzvləri, redaktorlar olaraq, bunun üçün müzakirələr aparmalıyıq, kollektivlərdə də bu, müzakirə olunmalıdır. Biz artıq öz kollektivimizdə bunu müzakirə etmişik ki, burada bizə aid olan nöqsanlar nələrdir, onların aradan qaldırılması istiqamətində mütləq iş görülməlidir. Mən düşünürəm ki, Azərbaycan mediası hər an belə bir vəziyyətlə qarşılaşa bilər, çünki müharibə davam edir. Növbəti dəfə bir daha belə səhvləri etməmək üçün, mediamız Ramiz Mehdiyevin tövsiyələri üzərində ciddi dayanmalı və onların həyata keçirilməsinə çalışmalıdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?