gundemxeber.az-ın verdiyi məlumata görə, bu gün Müsavat Partiyasının qərargahında partiya üzvlərinin və media nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. Tədbirə qonaq qismində Azərbaycan Kültür dərnəyinin rəhbəri Cəmil Unal da qatılıb. Konfransı Müsavat başqanı İsa Qəmbər açıq elan edib və bildirib ki, sabah partiyanın sayca 8-ci qurultayı keçiriləcək. Qurultayda, partiyanın bu günə qədər keçdiyi tarixi inkişaf yoluna nəzər salınacaq, eləcə də nizamnamə və dəyişikliklər müzakirə olunaraq bu barədə ictimaiyyətə məlumat veriləcək. İsa Qəmbər həmçinin başqanlıqdan istefa verəcəyini və partiyaya yeni sədrin seçiləcəyini də bəyan edib. O, bildirib ki, partiya daxilində seçkilər hər zaman gizli və ədalətli keçirilib. Bu dəfə də ədalətlilik prinsipi qorunacaq . Çıxışının yekununda partiya sədri əlavə edib ki, onun başqanlıq postunu tərk etməsi Müsavatın imicinə zərər vurmayacaq, əksinə partiyanın gələcək inkişafı bundan sonra da sürətlə davam edəcək.
Tədbirdə Azərbaycan Kültür dərnəyinin rəhbəri Cəmil Unal da çıxış edib. O, İsa Qəmbərin partiyaya rəhbərlik etdiyi ilk vaxtlardan bu günə qədər təşkilatın çox böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Partiyanın Azərbaycanın siyasi elitasında çox böyük nüfuza malik olduğunu və hər zaman xalqın mənafeyini öz şəxsi maraqlarından üstün tutduğunu deyib. Çıxışlar yekunlaşdıqdan sonra İsa Qəmbər jurnalistlərin suallarını cavablandırıb. Media nümayəndələrinin verdiyi sualları cavablandırarkən başqan bildirib ki, sədr vəzifəsindən getsə də təşkilatda qalacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. O, həmçinin partiya üzvləri məsləhət bilərsə növbəti prezident seçkilərində Müsavatın namizədi olmaqdan imtina etməyəcəyini də vurğulayıb. 22 illik fəaliyyəti dövründə Əliyev hakimiyyəti ilə vuruşduğunu deyən Müsavat sədri bu mübarizənin şəxsi deyil, dəyərlərin mübarizəsi olduğunu da əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?