Müsavat və KXCP arasında iki saat davam edən görüşü başa çatdı. Görüşdən dərhal sonra Müsavat başqanı İsa Qəmbər Musavat.com-a yekun nəticələr haqda danışdı. İ.Qəmbər qeyd etdi ki, partiyanın son Divan toplantısında demokratik düşərgənin aparıcı qüvvələri ilə məsləhətləşmələrə başlanması haqda qərar qəbul olunmuşdu: "KXCP də bizim üçün önəmli qüvvələrdən biridir. Görüşdə demokratik düşərgənin perspektivləri, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olundu. Maraqlı, geniş və səmimi müzakirə alındı. Demək olar ki, bütün mövzular gündəmə gəldi. Demokratik düşərgənin gələcəyi, ölkənin Avrointeqrasiya məsələsi, 15 dekabr mitinqi və təbii ki, ikitərəfli münasibətlər müzakirə olundu. Müsavat tərəfindən KXCP-yə müttədiqlik sazişinin imzalanması təklif olundu. Onlar da məsləhətləşmə aparıldıqdan sonra qərar verəcəklərini bildirdilər".
KXCP sədri Mirmahmud Mirəlioğlu da Musavat.com-a bildirdi ki, ictimai-siyasi vəziyyət, mitinq və ikitərəfli münasibətlər əsas müzakirə mövzusu olub.
***
13.39
Müsavatın KXCP ilə görüşü başladı. Görüş KXCP-nin qərargahında keçirilir. Görüşdə Müsavat başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Ali Məclisin sədri Arzu Səmədbəyli və başqan müavini Gülağa Aslanlı iştirak edir. KXCP-dən isə partiya sədri Mirmahmud Mirəlioğlu, müavinləri Xəzər Teyyublu, Nizami Əkbər, Ali Məclisin sədri Bəybala Əbil və partiya İdarə Heyətinin üzvü Oqtay Gülaliyev təmsil olunur. Görüşdə ikitərəfli mütəffiqlik və əməkdaşlıq perspketivləri müzakirə edilir.
Müsavat Partiyası oxşar görüşü dekabrın 13-də AXCP ilə keçirib.
Sorğu
Yeni dizaynımız necədir?