Avropa Şurasının (AŞ) baş katibi Torbörn Yaqland formal bir bəhanədən Böyük Britaniyanın ədliyyə naziri Kris Qreylinqin bəyanatından yapışaraq Azərbaycan hakimiyyətini tənqid edən məqalı ilə çıxış edib.
Öncə onu deyək ki, K.Qreylinq “The Daily Telegraph” qəzetinə açıqlamasında Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) tərkibindən çıxmaq niyyətini açıqlayıb. Nazir deyib ki, əgər Mühafizəkarlar Partiyası 2015-ci ilin yazında keçiriləcək seçkilərdən sonra da hakimiyyətdə qalmaqda davam etsə, onun ölkəsi AİHM-dən çıxacaq.
AŞ baş katibi Torbörn Yaqlandın məqaləsi nüfuzlu Britaniya qəzeti “Guardian”da dərc edilib.
T.Yaqlandı bu tənqidləri dilə gətirməyə sövq edən motiv və səbəbləri anlamaq çox çətindir. T.Yaqland birtaniyalıların AŞ-yə ünvanlanmış siyasi ultimatumunu Azərbaycanda insan haqlarının durumu məsələsi ilə malalayıb ört-basdır etməyə cəhd göstərib. Baş katib bununla britaniyalılara sanki belə demək istəyib ki, siz AİHM-dən hara çıxırsınız, baxın, insan haqlarının vəziyyətinin heç də yaxşı olmadığı Azərbaycan kimi ölkələr də var.
Ən qəribəsi də budur ki, AŞ baş katibinin məqaləsi Azərbaycan prezidenti İlham Əliyevin fotoşəkli ilə müşayiət olunur. Həmin foto yazının ortasına yerləşdirilib. Bunun da sətiraltı mənası bəllidir. Amma bu cəhd Azərbaycan hakimiyyətinə qarşı birləşmək üçün çox uğursuz təşəbbüsdür. Özü də heç nədən, necə deyərlər, boş yerdən, heç bir əsas olmadan irəli sürülmüş bir təşəbbüs...
Və bütün bunlar bilirsinizmi hansı hadisələrin fonunda baş verir?! Prezident Əliyev cəmi bir neçə həftə əvvəl AŞ baş katibinin mübahisəli cinayət işlərinin ictimai ekspertizası üzrə mülki mexanizmlər yaratmaq barədəki təşəbbüsünü dəstəkləmişdi.
T.Yaqlanda məqaləsində ReAl lideri İlqar Məmmədovun məsələsinə xüsusi diqqət ayıraraq onun qeyd-şərtsiz azad olunmasını yenidən tələb edib.
AŞ baş katibi Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasını pozmaqda ittiham edir. T.Yaqland Azərbaycanın məhkəmə sistemində də dərin köklərə malik problemlərin olduğunu vurğulayır.
“Mən AŞ üzvü olan dövlətləri və aparıcı ölkələrin Bakıdakı səfirliklərini hüquq müdafiəçiləri üzərindəki cari məhkəmə araşdırmalarına nəzarət etməyə çağırdım. Britaniya bu təklifə artıq müsbət cavab verib” - deyə AŞ baş katibi yazır.
T.Yaqland onu da bildirir ki, o, beynəlxalq və Azərbaycan QHT-lərinin nümayəndələri ilə müntəzəm olaraq görüşür. Bu QHT-lər Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətini boğmasından şikayətlənirlər. T.Yaqlandın sözlərinə görə, o, Venesiya Komissiyasının ekspertlərinə Azərbaycanın QHT-lər haqqında qanununa yeni əlavə və dəyişikliklərin Avropa Konvensiyasının tələblərinə uyğun gəlib-gəlmədiyini yoxlamaq və bu prosesdə yerli QHT-lərin də iştirakını təmin etmək barədə tapşırıq verib.
T.Yaqland açıq şəkildə bəyan edir ki, AŞ insan haqları sahəsində vəziyyətin pisləşməsinə görə Azərbaycana dəfələrlə xəbərdarlıq edib. AŞ baş katibi AŞ-nin insan haqları üzrə ali komissarı Nil Muyjnieksin Azərbaycana bu yaxınlarda baş tutmuş səfərini də yada salır və sonuncunun Bakıda hüquq müdafiəçilərinə qarşı repressiyaların olması barədəki qalmaqallı bəyanatından sitatlar gətirir.
Maraqlıdır ki, AŞ baş katibi bütün bunlardan sonra insan haqları üzrə Birgə İşçi Qrupun yaradılmasına dair əldə edilən razılaşmadan yazıb siyasi məhbusların tezliklə azad ediləcəyinə ümid etdiyini bildirir. Ardınca isə Britaniyanı qroxudur ki, bu ölkənin AİHM-dən çıxması Azərbaycan kimi ölkələrdə neqativ proseslərə geniş meydan verə bilər...
Beləliklə, haqlı bir sual yaranır: Yaqland Britaniya ətrafında yaranmış mübahisəli vəziyyət barədə fikir və mülahizələrini bildirərkən niyə məhz Azərbaycanı nümunə gətirir?
Tutalım, baş katib Azərbaycanın ünvanına səsləndirdiyi iradlarında haqlıdır. Amma Azərbaycan doğrudanmı insan haqlarının pozulduğu yeganə ölkədir? Yaqland 100-dən çox siyasi məhbusun olduğu Gürcüstanı niyə görmür? Kriminal xuntanın idarə etdiyi Ermənistanın adını niyə çəkmir? Bütün Qərbin əleyhinə birləşdiyi Rusiyanı niyə yada salmır?
Bu cür ölkələırin siyahısını uzatmaq da olar. Bəs Yaqland yalnız br ölkənin üzərinə hücuma keçməyə vadar edən nədir? AŞ baş katibi bu əsassız iddialarından sonra dünya mətbuatında tənqid etdiyi ölkənin hakimiyyəti ilə hansı üzlə konstruktiv əməkdaşlıq etməyə hazırlaşır? Belə olacaqdısa, birgə təşəbbüs irəli sürmək və İşçi Qrupu yaratmaq nəyə lazım idi? Tərəfdaş ölkəyə bu nə münasibətdir, necə münasibətdir?
Bu suallara cavab tapılmalıdır. Güman etmək olar ki, Azərbaycan hakimiyyətinin cavabı özünü çox gözlətməyəcək...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?