Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Bu, təqdirəlayiq və hər kəs tərəfindən bəyənilən işdir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın. Ancaq İcra hakimiyyətləri insanların parklardan, parklardakı çəmənliklərdən istifadəsinə müəyən əngəllər yaradır. Fikir vermisinizsə, dünyanın hər bir yerində çəmənliklər insanların istifadəsinə verilir. Yəni insanlar hətta çəmənliklərdə pikniklər belə, keçirə bilirlər. Bizdə isə parklarda çəmənliklərə Adəm oğlunun ayağının dəyməsi yasaq edilib. Əcəba, görəsən İcra hakimiyyətlərinin bu qadağasının arxasında hansı sirr var?
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzov modern.az saytına birmənalı şəkildə deyib ki, çəmənliklərdə oturmaq və onu tapdalamaq olmaz. "Qazon hər yerdə qorunur, qulluq tələb edir. İnsanlar paltarlarını sərib otururlar onun üstündə, bu isə onun saralmasına və qurumasına səbəb olur. Qazonun özünün xüsusi qulluq texnikası var. Sonradan yaradılmış çəmənliklərdə insanlar oturduqda, o sahə taptalandıqda, əzilir, saralır və quruyur. Bəzən insanlar itlərini çəmənliklərdə gəzdirirlər, o itlər də ayaqları ilə çəmənliyi qazır, yararsız hala salır. Parklarda, bağlarda yaradılmış gözəllik insanlar üçündür. İnsanlar bunları qorumalıdır. Bu sahədə maarifləndirmə işləri görülməlidir”. Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var. Yəni bizdə çəmənliyə adam ayağı dəydisə, otlar saralır, məhv olur. Xaricdə isə belə deyil. İstənilən halda İcra hakimiyyətlərinin bu cür qadağaları onu göstərir ki, onlar çəmənlikərin təyinatından xəbərsizdirlər. Digər tərəfdən, saldıqları çəmənliklərin vəziyyətindən özləri xəbərdardılar, yəni keyfiyyətsiz iş gördüklərini qadağaları ilə özləri təsdiqləmiş olurlar. Yoxsa insanlara bu çəmənliklərdə istirahət etməyi niyə qadağan etsdinlər ki...?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?